
Yayılan xəbərlər arasında o da var ki, sabiq deputatın paytaxt Bakıdakı bir neçə böyük obyekti ələ keçirilib. Xəbərdə deyilir ki, sonuncu dəfə Gülər Əhmədovanın Bakının mərkəzində, “İçərişəhər” metrosunun yaxınlığında, Şeyx Şamil küçəsi, 2 ünvanında yerləşən və qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən “Monika beauty center” salonu yağmalanıb. İki mərtəbədən ibarət olan və 132 saylı orta məktəbə bitişik bu bina indi iki ayrı firmaya icarəyə verilib.
Sabiq YAP-çı deputata məxsus olan və ərzaq və uşaq oyuncaqları mağazalarının yerləşdiyi obyektin yeni sahibinin kimliyi isə bilinmir. Mağazanı icarəyə götürdüklərini deyən obyektin işçiləri bu binanın əvvəllər “Monika” gözəllik salonu kimi fəaliyyət göstərdiyini təsdiqlədirlər. Onlar bilirdilər ki, bir müddət əvvəl gözəllik salonu buradan çıxarılıb və boş yer icarəyə verilib.
Ərazidə olarkən onu da öyrəndik ki, “Monika” gözəllik salonunun digər şöbəsi Bakının Əhmədli qəsəbəsində fəaliyyət göstərir. G.Əhmədovanın yaxını qohumu tərəfindən işlədilən bu gözəllik salonu isə ötən ilin dekabrında naməlum səbəblərdən bağlanıb.
Qeyd edək ki, ötən ilin iyununda “Monika” gözəllik salonunda qalmaqal yaşanmışdı. Türkiyədən dəvət edilmiş usta həmin gözəllik salonunda vəhşicəsinə döyülmüşdü. O zaman yayılan xəbərlərdə deyilirdi ki, türk ustanı deputat G.Əhmədova özü döydürüb. Hadisəyə səbəb isə məşhur usta ilə deputat arasında pul mübahisəsinin olması göstərilirdi. Bülənt adlı ustaya ayda 10 min dollar ödəyəcəyinə söz verən G.Əhmədova sözünü tutmamışdı. Mübahisə nəticəsində Bülənt adlı usta ölümünə döyülmüşdü.
Xatırladaq ki, aparılan istintaq zamanı G.Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi bütün mülklər müəyyənləşib. Məlum olub ki, bu mülklər milyonlarla manat dəyərindədir. Bakının müxtəlif yerlərində, əsasən mərkəzdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekt G.Əhmədovanın mülkləri sırasındadır. Yaxın günlərdə onların da müsadirə olunacağı gözlənilir. (musavat.com)