
Sabiq deputat, may ayının 5-də şərti azadlığa buraxılan Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin qərarını alıb.
Amma bu qərardan Ali Məhkəməyə şikayət etmək barədə qərar verməyib.
Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verdi.
Müsahibimiz bundan sonra verdiyimiz heç bir sualı cavablandırmadan dəstəyi asdı.
“Yeni Müsavat” isə xatırladır ki, Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılan gün G.Əhmədovanın vəkili Ə.Talıbov mediaya açıqlamasında bəraət hökmü istədiklərini, ona görə də apelyasiya hökmündən şikayət verəcəklərini demişdi. Amma aradan ötən ay yarımda bu istiqamətdə fikir dəyişikliyi olduğu hiss edilir. Daha öncə qərarı alan kimi Ali Məhkəməyə şikayət verəcəklərini deyən G.Əhmədovanın vəkili indi bu barədə tərəddüd etdiklərinin işarəsini verir.
Bu arada onu da qeyd edək ki, təkcə bu həftə ərzində “Yeni Müsavat”da G.Əhmədova ilə bağlı iki müsahibə yayımlanıb. Bunlardan biri türkiyəli iş adamı Səlcuq Ağlayana, digəri isə mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədova məxsusdur. Hər iki müsahibədə G.Əhmədovanın ünvanına yetərincə ittiham var. Amma sabiq deputat bunlardan heç birinə nə qəzetimiz, nə də özünə yaxın saydığı media qurumları vasitəsilə cavab verib. Əməkdaşımızın G.Əhmədovanın yaxınlarına etdiyi telefon zəngləri cavabsız qalır.
Hiss olunur ki, G.Əhmədova özünün də dediyi kimi, bu ərəfələrdə tamamən unudulmaq istəyir. Danışmamaq, heç bir açıqlama verməmək, ictimaiyyət arasında görünməmək sabiq deputatın əsas məqsədidir. Müalicəsi və ailəsi ilə məşğul olduğunu bildirən G.Əhmədovanın siyasi karyerası ilə bağlı da hər hansı addım atmadığı görünür.
Əməkdaşımız YAP-dan G.Əhmədovanın yenidən partiya sıralarına bərpa olunmaq üçün müraciət edib-etmədiyini soruşdu. Məlum oldu ki, elə bir müraciət də olmayıb.
Qaynar.info