
Bu gün Nəsimi rayon məhkəməsi keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb.
Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi.
Hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbail rayon İcra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqqında psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib.
Məlumatlara görə, uşağın, iradəsi ziddinə verildiyi Mahmud Mehdiyevin daimi yaşayış yeri belə yoxdur. Üstəlik ötən 9 ildə o, uşaqla maraqlanmayıb, aliment ödəməyib və s.
Məsələ ilə bağlı Gültəkin Hacıbəyli geniş açıqlama ilə çıxış edəcəyini bildirdi: "Hakimiyyətin əsəbləri dözmədi və ən böyük səhvlərindən birini etdi. Görünür, vəziyyət biz düşündüyümüzdən də ciddidir".(azadliq.info)