Xəbər lenti

Günah bizdədir, yoxsa...
Ölkə17:27 10.11.2013

Günah bizdədir, yoxsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Uzun illərdir ki, işsizəm. Və özüm kimi işsizləri görəndə həmişə beynimi bir sual qurd kimi gəmirir: insan işsizliyi seçir, yoxsa işsizlik yapışır insanın yaxasından? Və tez özümə təsəlli verməyə çalışıram, axı mövcud olan bütün reallıqlara qarşı addım atmışam. İş üçün müraciət edəcəyim bir yer belə qalmamış. Bəs başqaları? Başqalarına gəlincə, yəqin ki, onlar da özlərinə uyğun olan işlərə qarşı atılacaq addımlarını əsirgəməmiş. Bəs niyə iş yoxdu?  Axı hardan gəlib çıxdı bu işsizlik, bu yoxsulluq yaşadığımız ölkəyə? Sual suala dirəndikcə aydın olur ki, biz bütün seçkilərdə işsizliyimizi, yoxsulluğumuzu seçmişik. 

Bax burda Qəribi ağlamaq yox e…Allah Şeytana lənət eləsin... Hə, elə ağlamaq tutur burda Qəribi. Və Qərib ağlaya-ağlaya deyir: Bəlkə, elə bu son illərdə işsizliyimiz tıxaca düşməsin deyə paytaxtda bu qədər körpülər salınıb? Bəlkə, elə buna görədir siyasətimiz öncə asfaltlanır, sonra isə əhalinin suyla, qazla…təmin olunması üçün küçəbəküçə qazılır? Bəlkə…Bəlkə…Bəlkə…

Və mən əsəbləşib üz tuturam Qəribə: - Yekə kişisən, özün avaragor, bekar adamsan, mənə də imkan vermirsən işimi görüm! İmkan ver işsizliyimizi aradan qaldırım da!..

Nəhayət, susur Qərib. İstəmədən ilişib qalıram yazının bu yerində. “Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək başqa bir ayıb” atalar misalını xatırlaya-xatırlaya vəziyyətdən çıxım deyə, özümü toplayıb başqa bir neçə suala keçid alıram dərhal. Əgər ruzini verən Allahdırsa, bəs bir belə insanları işsizliyə, yoxsulluğa, riyakarlığa, yoluxduran kimdir, nədir? Niyə insanın hər şeyə qadir olması sual altına düşür bəs? Bəs niyə deyirlər ki, həyat mübarizədir?..

Mənim qənaətlərimə görə əlində bir RƏQƏM tutmadan sıfırdan başlamaq imkansız… Və məncə, suallara cavab bulunmayan yerdən başlanır mübarizə.  Mübarizə - təkcə seçmək deyil, nəticə etibarı ilə seçilməkdi əslində. Təbii ki, özünü buna inandırmaqdan başlayır mübarizə həm də…

Görəsən, üstəki sərlövhəylə başladığım bu yazıda problem nədədir, özümdə, seçdiyimdə, yoxsa seçildiyimdə? Bax elə bu suallara aydınlıq gətirmək üçün başqa bir sualla bitirmək istəyirəm bu yazını:

Bu yazıya görə 20-30 manat qanorar verən tapılacaqmı görəsən?..

10.11.2013