Xəbər lenti

Günəbaxan tumundan möhür - KÖŞƏ
Ölkə07:53 23.03.2014

Günəbaxan tumundan möhür - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mövlud Mövlud

İkinci dünya müharibəsi vaxtı Qırğızıstanda bir qarı dərzilik edib yetim qız nəvəsini dolandırırmış.

Müharibə, kasıblıq, canım sizə desin, zülm-zillət... Bir gün qarı evə gəlib görür ki, nəvəsi onun sifarişlə tikdiyi donu kəsib güllər düzəldib.

Sifarişçiyə gül aparası deyil ki? Qarı havalanır. Qayçıyla qızın biləklərinə döyür, döyür, döyür. Uşağın əli "qanqrena" verir, çıxdaş olur. Aparırlar xəstəxanaya. Əməliyyat edirlər. Əməliyyatdan sonra "narkoz"dan ayılan qız deyir:

- Nənəmə deyin, əllərimi qaytarsın, bir də elə iş tutmaram.
Onlar bizim gələcəyimizdir!

***

ANS-in "Cinayət İşi"... İfadədən yadımda qalanlar:
-"Arvadım "gəzirdi"... Dedim, yaxşı deyil, ailəmiz var. Uşağa yazığın gəlsin. Mənə qulaq asmadı. Axırda götürdüm bıçağı, doğradım onu. Başımı qaldıranda gördüm oğlum başımın üstündə dayanıb. Sakitləşdirib yalvardım, dedim, heç kimə heç nə demə. Razılaşdı.
Axşam uşağın başını qatmaq üçün dənizə apardım. Dənizdə çiməndə dedi ki, ata, olar, nənəmə deyim, başqa heç kimə deməyim? Başa düşdüm ki, ağzından qaçıra bilər. Gecənin düşməyini gözləyib onu da dənizdə batırdım".

Onlar bizim gələcəyimizdir!

***

Dostumla çayxanadayıq. Masamıza yaxınlaşan hörüklü, qaraşın qızcığazın əlindəki cam ağzınacan günəbaxan tumu ilə doludur:
 - "Semiçka" istəmirsiniz?

50 qəpik uzadıb "bir stəkan ver",-deyirik.  Yüz qramlıq stəkanı ağzınacan doldurub stolun üstünə tökür. Xırdamızı qaytarmaq istəyəndə "qoy qalsın",-deyir dostum. Razılaşmır:
-Onda əvəzinə "semiçka" verəcəyəm.

Dostum masamızın üstündə dairəvi şəkil almış tumları göstərir:
-Bu ölkədə alın söykəməyə bundan gözəl möhür tapa bilərsənmi?
Onlar bizim gələcəyimizdir!

***
Bir yazıçı oğlan məni tez-tez müharibədə itkin düşmüş əmisigilə aparır. Atalarının öldüsündən-qaldısından xəbəri olmayan uşaqlar gözlərini bizə zilləyirlər. Gözlərimi yayındırıram.

 İtkin atanın çərçivəyə salınıb divardan asılmış fotosunun çox aşağıdan asıldığı diqqətimi çəkir. Çıxanda dostumdan bunun səbəbini soruşuram. Bəlli olur ki, ürək xəstəsi olan balaca əmiqızı hər gecə yatmamışdan öncə ayağının altına stul qoyub atasının şəklini öpməyə çıxır. Evdəkilər bunu görüb  fotonu aşağıdan asırlar.

Bir ay sonra həmin uşağın ürək xəstəliyindən öldüyünü eşidirəm. Ölüm ayağında elə hey deyirmiş: "Dədəm gəlsin, dədəm gəlsin, dədəm gəlsin..." Axırda itkin kişinin qardaşı (dostumun atası) əlini dizinə çırpıb ayağa qalxır: "Gəlsin də, ay bala, qoymuruq gəlməyə?"

Onlar bizim gələcəyimizdir!
Gələcəyimiz...

Gündəlik Teleqraf