Xəbər lenti

Gürcüstan azərbaycanlılarının ağrısı... – bu bir həyəcan siqnalıdır
Ölkə10:28 26.11.2019

Gürcüstan azərbaycanlılarının ağrısı... – bu bir həyəcan siqnalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda yolum Gürcüstana, Qaraçöp elinə düşdü. 
Dəvət sahibi dəyərli dostum Xaqani Qayıblı idi, dəvət də xoş bir səbəbə görə idi. 
Orada köhnə dostum, gözəl şair Allahverdi Təhləli ilə görüşmək fürsəti qazandım, xeyli dərdləşdik. Özəlliklə də Gürcüstan azərbaycanlılarının aydınlanması mövzusunda.
Allahverdi bəy böyük bir ağrı ilə, həyəcanla qonşu ölkədəki soydaşlarımızın qarşılaşdığı çətinliklərdən danışdı, oradakı bir ovuc fədakar insanın aydınlanma çabalarının dürlü-dürlü səbəblərdən yarıda, yarımçıq qalmasından bəhs etdi. 
Dostum Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsinin rəhbəridir, bir çox arxadaşları ilə orada ədəbiyyat, sənət dərgiləri çıxarmağa çalışır. 
Onlardan biri ilk sayı ötən ilin başlarında işıq üzü görən "Körük" idi. Ki, Allahverdi bəyin mənə bağışladığı saylarından zövq aldığımı söyləməliyəm. 
"Körük"ün yaradıcıları məqsədlərini dünyanın görkəmli yazarlarından öyrənmək, yeni səslərin, yeni nəfəslərin dünyaya gəlişinə şərait yaratmaq və rəvac vermək kimi açıqlamışdılar, eyni zamanda qloballaşan dünyanın Nobel ödüllü şair və yazıçılarının əsərlərinin tərcüməsi ilə yanaşı avanqard, modern, postmodern düşüncə formasını içərən rəngarəng səpkili yazılara da xüsusi diqqət yetirmək niyyətində idilər.
Bu niyyələrini həyata keçirmək üçün isə yola böyük enerji ilə, sağlam addımlarla çıxmışdılar.  
Di gəl, maddi çətinliklər üzündən "Körük" artıq xeyli vaxtdır körüklənmir. 
Başqa biri Azərbaycan və gürcü dillərində nəşr edilən "Şəfəq-Sxivi” dərgisidir. Bu dərgi də eyni dərdlə boğuşmaqdadır. 
Allahverdi bəy bir azca hüznlü, bir az da qıəzəblidir. "Kimsə inciməsin, başqa vaxtı milli-mənəvi dəyərlərdən danışanda "ağzımıza çullu dovşan sığışmır”, amma Gürcüstanda yaşayan milli azlıqların içində (sayca hamıdan çox olmağımıza baxmayaraq) ədəbi dərgisi olmayan yeganə toplumuq. Bu utancverici mənzərə deyilmi?!" deyir. 
Əlbəttə, utancverici mənzərədir. Ağrılı, kədərli mənzərədir. 
Daha utancverici olanı bu ağrılı, kədərli mənzərəyə son qoymaq üçün yola çıxan fədakar adamların maddi qayğılar ucbatından işlərini davam etdirməkdə çətinlik çəkmələridir. 
Son zamanlarda Borçalıda İran təsirinin gücləndiyinə, mollakratların soydaşlarımızın kompakt yaşadıqları ərazilərə, sözün həqiqi mənasında hücum çəkdiyinə, Qum və Məşhəd şəhərindən gələn emissarlarıln bölgədə siyasi şiəliyi, bu ad atında isə Xomeyniçiliyi təbliğ etdiyinə, soydaşlarımız arasında məzhəb qarşıdurmalarının təməllərini atdığına dair həyəcanlı xəbərlər gəlir. 
Bir çox kəndlərdə artıq azyaşlı qızların belə, başını bağlamağa məcbur edildiyi faktları var. 
Belə olan halda Gürcüstandakı azərbaycanlı aydınların üzərinə böyük yük düşür. Onlar bu zərərli (və gələcək baxımından xüsusilə təhlükəli!) meyllərə qarşı ayıq olmalı, müasir mədəniyyətlə, maarifçiliklə silahlanaraq müqavimət göstərməyə çalışmalıdırlar. 
Acı olan qollarını çırmayıb həmin çalışmalara başlayan fədakar insanların dəstəksiz qalmalarıdır. Maddi və mənəvi yardım olmadığı üçün səylərini yarıda buraxmağa məcbur olmalarıdır. 
Elə bu yazının yazılma səbəbi də budur. 
Bir yazıdan çox, Gürcüstandakı irəli görüşlü, mədəniyyət yanğılı aydınlarımıza dəstək çağrışıdır.
Belə aydınlara gərəkən dəstəyi verməyəcəyimiz təqdirdə qonşu ölkədəki soydaşlarımızın yaxın və uzaq gələcəkdə üzləşəcəyi çoxsaylı problemlərlə bağlı bəri başdan həyəcan siqnalıdır.
Ümid edirəm ki, Azərbaycan toplumunun aktiv kəsimlərində bu çağırış qarşılıqsız qalmayacaq, bu həyəcan siqnalı gərəkən əks-sədanı verəcək. 
Elnur Astanbəyli,
xüsusi olaraq Qaynarinfo üçün