Xəbər lenti

Gürcüstan pravoslavlığı niyə dövlət dini elan edir? (ŞƏRH)
Dünya 12:22 29.08.2024

Gürcüstan pravoslavlığı niyə dövlət dini elan edir? (ŞƏRH)

"Gürcüstan hakimiyyəti artıq dini dəyərlərə üstünlük verməyə başlayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasınn pravoslavlığı rəsmi olaraq dövlət dini elan etmək istəyini şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, Gürcüstan hakimiyyəti bir çox məsələlərdə bəzən qəribə mövqe tutur:



"Bəzi ölkələr var ki, onlarda təmsil olunan din rəsmi dövlət dini kimi təqdim olunur. Amma pravoslavlığın rəsmi dövlət dini elan olunması indiki dövrdə  bir o qədər də böyük əhəmiyyət kəsb etməyən məsələdir. Gürcüstan hakimiyyəti bir çox məsələlərdə bəzən qəribə mövqe tutur. Bu yaxınlarda xarici agentlər haqqında qanunu qəbul etməklə də anoloji mövqe sərgilədilər. Bu da görünür həmin qəribə mövqeyin növbəti əlamətidir".

Həmsöhbətimizə görə, pravoslavlığın dövlət dini olması o deməkdir ki, din müəyyən vasitələrlə dövlətə təsir göstərmək imkanına malik olacaq: 

"Görünür, gürcü hakimiyyəti artıq dini dəyərlərə üstünlük verməyə başlayıb. Belə bir addımın atılması ölkənin indiki vəziyyətində və beynəlxalq münasibətlər sistemində Gürcüstana hansısa xüsusi dividentlər gətirməyəcək".

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, din anlayışının rəsmi səviyyəyə qaldırılması sabahı gün müəyyən narazılıq, xaosun yaranmasına gətirib çıxara bilər:


 
"Belçikada xristianlıq rəsmi dindir. Amma bununla yanaşı, ikinci böyük rəsmi din İslamdır. Dövlət xristianlara şərait yaratdığı kimi müsəlmanlara da eyni şərait yaratmağı özünə borc bilir, onlara da dəstək olur, vəsait ayırır. Amma müsəlman ölkəsi Səudiyyə Ərəbistanında rəsmi din kimi hənbəli məzhəbini qəbul ediblər. Bu, problemli məsələdir. Çünki bu halda onlar kimi düşünməyən digər məzhəblərə qarşı aqressiv yanaşma artıq labüd olur.Ona görə də dövlətlərin dininin hər hansı bir rəsmi şəkildə qəbul edilib-edilməməsi daha fərqli məsələdir. Ukrayna və Rusiya pravoslav ölkələridir. Amma buna baxmayaraq, vaxtilə Ukrayna Moskva Pravoslav Kilsəsinə bağlı idi. Lakin Rum Patriarxı Kiyev Pravoslav Kilsəsini öz üzərinə götürərək öz-özünü idadə edən kilsə elan edərək, onu Rusiya Pravoslav Kilsəsinin hegomoniyasından qopardı. Bu səbəbdən də Ukrayna və Rusiya bir-birilə apardıqları müharibəyə din qardaşlarının savaşı, eyni dini mənsəbdən olanların savaşı kimi baxmırlar. Ona görə də din anlayışının rəsmi səviyyəyə qaldırılması sabahı gün müəyyən narazılıq, xaosun yaranmasına gətirib çıxara biləcək səbəblərdir". 
 
Qeyd edək ki, Gürcü oliqarxı Bidzina İvanişvilinin təşəbbüsü ilə "Gürcü Arzusu" rəsmi olaraq pravoslavlığı dövlət dini elan etmək istəyir. Bu barədə Gürcüstanın "Formula" telekanalı məlumat yayıb. Məlumatına görə, avqustun 26-da bu məsələ ilə bağlı artıq Gürcüstan Patriarxlığında yüksək rütbəli din xadimləri və Patriarxlığın nümayəndələrinin iştirak etdiyi toplantı keçirilib. 

Bütün Gürcüstanın patriarxı II İlya bu təşəbbüsün əleyhinədir. O hesab edir ki, indiki məqamda bu, lazım deyil və ölkədə belə bir tarixi məqam hələ yetişməyib. Axalkalaki və Qumburdo mitropoliti Nikoloz Paçuaşvili qeyd edib ki, pravoslavlıq dövlət dini elan edilərsə, kilsə dövlətdən müstəqil ola bilməz. Onun fikrincə, bu qərar ölkəyə xeyir verməyəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->