
Kredit şərtləri ipotekadan fərqlənmir, yeganə üstünlük ilkin ödənişin 10 faiz olmasıdır
Martın 10-dan başlayaraq Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, eləcə də Sumqayıtdakı “ASAN xidmət” mərkəzləri güzəştli mənzil almaq hüququ olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə bağlı digər suallara cavab verilir.
Xidmət mərkəzlərinə getmək heç də vacib deyil. “ASAN xidmət”in Çağrı mərkəzinə (№ 108) ev telefonundan ödənişsiz zəng edərək, sosial mənzil almağın yollarını öyrənmək mümkün olacaq. “Güzəştli mənzil” elektron sistemi mayın 1-də işə düşəcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki yeni elektron sistemin qurulmasını «R.İ.S.K. Elmi İstehsalat Şirkəti» QSC-yə tapşırıb. Proqram təminatının yazılması və sistemin işlək hala gətirilməsi 259,7 min manata başa gələcək.
“Güzəştli mənzil” sistemi müraciətlərin elektron qəbulunu, imtiyazları olan vətəndaşların mənzil seçimini rahatlaşdırmağı, eləcə də bu prosesdə insan amilinin rolunu azaltmağa xidmət edir. “MİDA” MMC-də deyirlər ki, bu sistem ikipilləli olacaq. Əvvəlcə müraciət qeydə alınacaq, vətəndaşın güzəştli kateqoriyaya aid olduğu təsdiqlənərsə, ona şəxsi “elektron cabinet” yaradılacaq. İkinci mərhələdə isə vətəndaş “kabineti” vasitəsilə satışa çıxarılan mənzillərə dair məlumat ala, mənzillərin interyeri ilə virtual tanış ola və onların arasından seçim edə biləcək. Mayın 1-dən “MİDA” MMC-nin nümayəndələri “ASAN xidmət” mərkəzlərində vətəndaşlara şəxsi elektron kabinetin yaradılmasına kömək edəcəklər.
Bəs güzəştli mənzillərdən kimlər yararlana biləcək?
Güzəştli mənzil almaq hüququ, əsasən, gənc ailələrə verilib. Bunlar Milli Qəhrəmanın və şəhid ailəsinin üzvü olan gənc ailələr, gənc məcburi köçkün ailələri, dövlət qulluqçuları, xüsusi rütbəsi olan polis əməkdaşları, ümumtəhsil məktəbinin müəllimləri və s. Şərtlər isə olduqca qəlizdir. Siyahı aşağıda göstərildiyi kimidir:
1) Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3) məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4) ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5) ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6) fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7) idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər: fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Mənzillərin qiyməti neçəyə olacaq?
Mənzillərin satış qiymətləri, hələlik, açıqlanmır. Aylıq ödənişlərin məbləğini Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev hələ ötən ilin noyabrında səsləndirib: “Biz çalışacağıq ki, aylıq ödənişlər orta icarə haqqından yüksək olmasın. Birotaqlı evlər üçün qiymət 130-140; üçotaqlılar üçünsə 300-350 manatdan yuxarı olmasın”.
S. Nuriyev güzəştli ipoteka sisteminin 3 ildən 30 ilədək müddəti əhatə edəcəyini də söyləmişdi. “ASAN” xidmətdən isə bildirdilər ki, hələlik qiymətlə bağlı onlarda bir məlumat yoxdur.
Çağrı mərkəzindən güzəştli mənzillərlə bağlı nə deyirlər?
Mərkəzdən sualımıza cavab olaraq bildirildi ki, gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur: “Yəni bu kateqoriya üzrə müraciət edən şəxs evli olmalı və onun və həyat yoldaşının yaşı 35 - dən çox olmamalıdır. Yaxud şəxs evli olmasa belə yaşı 35 - dən az olmalı və himayəsində uşaq(lar) olmalıdır. Ailə vəziyyətindən asılı olmayaraq isə elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanında xidmət keçən xüsusi rütbəsi olan şəxs “Güzəştli mənzil” almaq üçün müraciət edə bilər. Qeyd edək ki, bu şəxslərin evli və ya subay olması, yaşı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bu məlumat yalnız “Güzəştli mənzil” üçün müraciət etmək hüququ olan şəxslər barədədir. Ödəniş üsulu kimi ipoteka və ya hər hansı bank seçilən zaman kreditin bu şəxslərə verilib verilməməsi ilə bağlı məlumat həmin qurumlar tərəfindən verilə bilər”.
Ekspert Rəfail Hacıyev: “Bu kredit forması bəlkə də işləməyəcək”
İpoteka məsələləri üzrə mütəxəssis Rəfail Hacıyev Bizimyol.info-ya şərhində bildirdi ki, güzəştli mənzilləri ipoteka ala biləcək şəxslərə uyğunlaşdırıldı, əlavə heç bir dəyişiklik olmadı: “Necə ki, ipotekada hansı kateqoriyalar vardı, onları burada da tətbiq etdilər. Gənc ailə yenə də 35 yaşa qədər götürüldü. İpoteka krediti ilə güzəştli mənzillərin kateqoriyaları arasında elə bir böyük fərq yoxdur. Sadəcə üstün cəhət ilkin ödənişin 10% olmasıdır. O da yenə qaranlıq qalır. Çünki Prezidentin imzaladığı qanun var. Həmin qanuna görə gözəştli ipoteka kreditləri üçün ilkin ödəniş 15 faiz göstərilib. Ancaq burada 10 faiz nəzərdə tutulur. Mənzillərin verilməsi yenə də İpoteka Fondunun vəsaiti hesabına olacaq. Bunu necə tənzimlənəcəyi hələ də qaranlıq qalan məsələlərdəndir. Çünki qanun həmişə üstündür. Yəqin yenə hansısa dəyişikliklərə gedəcəklər. Digər məsələ ondan ibarətdir ki, əvvəllər iqtisadi durum yaxşı olduğundan, gəlirlər də çox idi. Ona görə 50 min manatlıq vəsaitin az olduğu, artırılmalı olduğu deyilirdi. Ancaq in devalvasiyalardan sonra işsizlərin çoxluğu, gəlirlərin azalması eyni zamanda əmlakların qiyməti məsələsi var. İlkin ödəniş kimi 10 faiz götürülsə, 100 min manatlıq mənzilin 90 minlik ödənişinin aylıq şəkildə bölünməsi zamanı nisbətən yuxarı məbləğ alınır. Bu zaman gələcəkdə problemlərin çox olacağı gözləniləndir. Əvvəllər gəlirlər çox olduğundan 100 min manat ipoteka verilməsinin tərəfdarıydıq. Indi isə vəziyyət başqadır”.
R.Hacıyev deyir ki, məbləğin 100 min manata qədər artırılması indiki dövr üçün ürəkaçan təklif deyil. Ekspertin sözlərinə görə, göstərilən kateqoriya üçün güzəştli mənzilə əlçatan insanların sayı çox azdır: “Güzəştli mənzillər cüzi sayda vətəndaşlara qismət olacaq. Hətta mümkündür ki, bu kredit sistemi işləməsin. İndi doğurdan da deyildiyi kimi, məsələ “MİDA” MMC-nin nəzarətində olsa, evlərin qiyməti həqiqətən aşağı olsa, o zaman bəlkə əlçatanlıq olar. Hələ ki bunlar nəzəriyyədir. Praktikada heç nə yoxdur. Şəxsi fikrimcə, bu layihə çox ağır işləyəcək. Hazırda İpoteka Fondunun hesabına verilən güzəştli kreditlər demək olar ki, işləmir. Mənzil almaq istəyənlər portala müraciət etmələrinə baxmayaraq, sonradan həmin mənzillərə yaxın gəlmirlər. Yaxın gəldikdə isə ödəmə potensiallarını nəzərə alıb geri çəkilirlər. Çünki uzunmüddətli kreditlərdə ilkin illərdə faizi çox ödəməli olurlar. Sonra ödəniş qabiliyyətini itirən zaman çarəsiz qalacaqlar. Hazırda əmlak qiymətləri bazarda süni şəkildə şişirdilib. Gec-tez qiymətlər düşəcək. Müştəri mənzili alan zaman hesablayır ki, 5-10 il sonra mən krediti ödəyə bilməyəndə həm mənzilimi itirəcəm, həm də ödədiyim faizləri. Bax, buna görə insanlar kreditlərdən uzaq qaçırlar”.(bizimyol.info)
Qaynar.Az