Xəbər lenti

Göydən düşən bələdiyyə sədri - KÖŞƏ
Ölkə13:53 30.04.2013

Göydən düşən bələdiyyə sədri - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elçin Zahiroğlu

Bu gün Abşeron rayonu 50 illiyini qeyd edir, möhtəşəm parad keçiriləcək. Bu gün Abşeronda hamı həmrəng olacaq: tapşırıq belədir, sakinlər eyni rəngdə geyinməlidir. Bu gün Abşeronun tarixinə yazılan gün olacaq. Belə bir gündə sizləri bayram ovqatında olan rayonda öz “tarixini” yazan bəzi isimlərlə tanış etmək istədim.

Öncə onu deyim ki, Abşeron deyiləndə yadıma ilk düşən onun zəfəranı, üzümü yox, polisidir. Çünki mən Abşerondan başqa heç yerdə görməmişəm ki, polis mundirində kimsə ikitəkər maşın sürsün. Onu da görməmişəm ki, “razborkalara” gedən, kənardan küçə uşağı təsiri bağışlayan adamın cibindən polis vəsiqəsi çıxsın. 

Abşeronun mərkəzi hesab olunan Xırdalan şəhərinin “meri” də həmişə diqqətimi çəkib. Bu adamın vəzifəsini icra edənlərə həmişə “şəhər soveti” deyərdilər. İndiki Fikrət müəllimə isə “mer” deməyənin qulağı kəsilər. Qulaq demişkən, Hacıbala müəllimin qulaqları cingildəsin, nə qədər kədərli olsa da, “mer” adına ondan əvvəl əl qoyan biri var: Mer Fikrət Orucov. 

Amma mənim üçün bu şəhərdə ən maraqlı sima elə üzvü olduğum Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədovdur. Eldar müəllim 14 illik bələdiyyə tariximizdə düz 13 ildir bələdiyyə sədridir. Və bildiyimə görə düz 13 ildir, bələdiyyə torpaqlarında qəbir qazır - qanunların dəfninə. Onun böyük qanunlar qəbiristanlığında bir bilsəniz, neçə cavan-cavan “şəhidlərimiz” var. 

Prezident sərəncam verir ki, Bələdiyyə 2007-ci ildən sonra vətəndaşlara torpaq ayıra bilməz. Mənim dostum Əhmədov isə acığa düşüb 2007-ci ildə də torpağın ayrılması barədə sərəncam verir, 2008-də, 2009-da da...- Qəbiristanlıq böyüyür.

Hökumət bar-bar bağırır ki, ay bələdiyyə, neft torpaqlarına sənəd verməyin. Bu isə dostum Əhmədovu lap özündən çıxarır və başlayır Xırdalan şəhəri ərazisində olan bütün neft torpaqlarına bələdiyyə torpağı kimi sənəd verməyə - Qəbiristanlıq daha da genişlənir.

Və nəticədə Xırdalanın ən gözəl hündürmərtəbələri məhz neft torpaqlarında tikilir. Hətta dostum Əhmədovun öz obyektlərinin də bir hissəsi də bu “qəbristanlıqda” yer alır.

Mənə bundan daha çox ləzzət edən isə onun bələdiyyənin strukturu ilə bağlı yaratmış olduğu “qanun qəbiristanlığıdır”, idarəetmə fantaziyasıdır: dostum Əhmədovun qətlinə fərman verdiyi Qanuna görə, bələdiyyə üzvləri ayda ən azı bir dəfə iclas keçirməlidirlər, məhz bələdiyyə qərarları da o iclaslarda verilməlidirlər. O “qurbanlıq” qanunda hətta göstərilir ki, üzrsüz səbəbə görə iclasda iki dəfədən artıq iştirak etməyən şəxs üzvlükdən azad edilir. Mənim dostum Əhmədov isə deyir ki, görüntü naminə, qanunlara riayət etmək axmaqlıqdır. Belə olmasaydı, son bələdiyyə seçkilərindən üzü bəri Xırdalan bələdiyyəsində heç olmasa bir dəfə iclas keçirilərdi...

Əslində xırda-xırda məmurların böyük-böyük qanunları əzməsi fövqəladə bir şey deyil, günümüz budur, ölkə başdan-başa “qəbiristanlığıdır”. Amma əmin olun ki, belə əzmək, belə “qətl törətmək” heç yerdə yoxdur. Adamın “əzmək” istedadı məni düz üç ildir şoka salır.

“Qətliamlardan” daha danışmayaq, elə bilərlər ADNA-dakı terrorun ildönümündən təsirlənmişəm.

Bu gün rayonun bayramdır, yəqin dostum Əhmədov artıq gözəl günü rövnəqləndirməklə məşğuldur. O, yaxşı bilir ki, vaxt gələcək, bu qəbul olunan qanunlar heç kimə lazım olmayacaq, onları qətlə yetirməyə görə kimsə həbs edilməyəcək. Onda dostum Əhmədov qanunların anasını necə ağlatdığı barədə lətifələr kitabı yazacaq və indi əmisi oğlu, dayısı oğlu, qardaşı uşağı, bacısı cocuğu ilə qurduğu sədr iearxiyası barədə duzlu-məzəli söhbətlər edəcək. Bəlkə, onda dostum Əhmədovun sədrliyinin 50 illiyi olacaq./aznews.az/