"Bu, bir sıra mövcud normativ hüquq və haqların tələblərinin pozulmasıdır. Buna yol vermək olmaz. Gözləyirdim ki, bu məlumatın yayılmasına görə universitet üzr istəyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısının sosial şəbəkədə yayılmasından danışarkən deyib. Onun fikirincə, bu kimi məlumatların sosial şəbəkədə yayılması orada təhsil alan tələbələrə psixoloji təsir göstərə bilər:
"Bu şəxsi informasiyalardır, bu kimi şeylərdən onlar travma ala bilər. Ali təhsil müəssisələri şəxsi informasiyaları qorumağa borcludurlar. Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Onun ali təhsil pilləsində 110 minə qədəri ödənişli əsaslarla oxuyur. Etitaf edək ki, bu gün Azərbaycanın ali təhsil müəssisəsində təhsil haqqı fantastik dərəcədədir. Verilən tədrisin keyfiyyəti müqabilində alınan təhsil haqqı çox yüksəkdir. Bizim də tələbələrimiz təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Amma ali təhsil almağa məcburdurlar. Sonradan ali təhsil müəssisələrini bitirmiş şəxslər işlə təmin olunmaqla bağlı ciddi problem yaşayırlar”.
Kamran Əsədov bildirib ki, bu gün Azərbaycan ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin ödədiyi təhsil haqlarından formalaşır:
"Yəni dünya universitetlərində biz belə bir təcrübə görmüşük ki, universitetlər məhsul istehsal edirlər, xidmət göstərib pul qazanırlar. Bizdə isə boşalmış büdcələrini yalnız və yalnız tələbələrin ödədiyi təhsil haqları ilə doldururlar. Çox təəsüflər olsun ki, bizim bir universitetimiz təhsil haqlarını ödəyə bilməyən tələbələrin informasiyalarını cəmiyyətə sızdırıb. Düzdür, həmin universitet açıqlama verdi ki, belə bir məlumat yaymayıblar. Bu, daha betər. Çünki şəxsi informasiyanın tələblərini pozursunuz. Əgər siz informasiyanı qoruya bilmirsinizsə, tələbələrin təhlükəsizliyi ilə necə məşğul olacaqsınız? Kiminsə haqqında olan məlumat heç bir halda kənara sızmamalıdır. Hər bir şəxsin toxunulmazlıq hüququ var. Bu tələb qorunmalıdır. Düzdür, ali təhsil müəssisəsi məlumat verib ki, biz tələbələri təhsil haqqını ödəmədiyinə görə universitetdən xaric etmirik. Bu minnət kimi deyil, yaxşı hal kimi başa düşülə bilər”.
Ekspert ölkədə pandemiya olduğunu və insanların gəlirlərinin ciddi şəkildə aşağı düşdüyünü əlavə edib:
"Yaxşı olar ki, tələbələrə güzəştlər edilsin. Ali təhsil müəssisələrinin, özü də mədəniyyət universitetinin etdiyi bu mədəniyyətsizlik yaxşı hal deyil. Onsuz da bu universitetin reytinqi yoxdur, oraya ən çox az bal toplayan abituriyentlər müraciət edir. Bu fakt onu göstərir ki, bizim ali təhsil müəssisələrində ciddi islahata ehtiyac var. Biz bilirik ki, tələbələrin təhsil haqlarını ödəmədiyinə görə, onların imtahanlara buraxılması ilə bağlı da problemlər movcuddur”.
Qeyd edək ki, sosial şəbəkədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısı yayılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti isə daxili sənədin şəklinin çəkilərək yayılmasının təəssüf doğurduğunu bildirib.
Bahar Rüstəmli