Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhətində irəliləyiş var. Bu barədə aznews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, H.Əliyev bu səhər saatlarında süni aparatdan ayrılıb: “Türkiyəli həkimlərin köməkliyi sayəsində Habil müəllim həyata qayıdıb. Həkimlər onun rahat nəfəs alması üçün süni aparatdan ayırıblar. Bu mənim üçün gözəl xəbər oldu”.
Ş.Əliyeva türkiyəli həkimlərin Azərbaycana gətirilməsində birbaşa rolu olan ölkə prezidenti və onun xanımına təşəkkür edib: “Cənab prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya ailəm adından minnətdarlıq edirəm”.
Xatırladaq ki, Habil Əliyev uzun illərdir ki, ağ ciyər-ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, hazırda Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.
Qaynar.info