Xəbər lenti

Hacı Muradın qəbri ilk dəfə deyilmiş ki, açılırmış… – Elnur Astanbəyli yazır
Ölkə13:00 07.06.2019

Hacı Muradın qəbri ilk dəfə deyilmiş ki, açılırmış… – Elnur Astanbəyli yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacı Muradın tarixi kimliyi barədə heç nə yazmayacam. Maraqlanan hər kəs onun şəxsiyyəti ilə bağlı onsuz da elə internetin köməyilə kifayət qəfər məlumat əldə edə bilər. 
Mənim üçün o, Tolstoyun böyük ustalıqla yaratdığı obrazın prototipidir. 
Və məncə, Hacı Muradın əfsanələşməsində Tolstoy qələminin qüdrəti həlledici rol oynayıb.  
Ədəbiyyat buna həmişə qadirdir. O, istənilən real şəxsiyyətin miqyasını dəfələrlə böyüdə bilir. Yaxud, əksinə.
Ancaq mövzumuz heç bu da deyil. 
Bildiyiniz kimi: Hacı Muradın nəşinin qalıqları, deyilənə görə bizdən, daha doğrusu, bizim rəsmi qurumlardan xəbərsiz şəkildə Qax rayonunun Tanqıt kəndindəki qəbridən çıxarılıb və Dağıstanda Xunzax rayonunda basdırılıb. 
Qalmaqallı hadisədir. Üstü örtülə. Unudulub getməsi gözlənilə bilməz. 
Aydınlıq gətirilməsi vacibdir. 
Kimlər buna və niyə ehtiyac görülər, aydınladılmalıdır. 
Kimlər və buna niyə göz yumub, ona da aydınlıq gətirilməlidir.
Ortada ən azı Azərbaycan qanunvericiliyinin pozulması faktı var. 
Bilirsiniz: Hacı Muradın Qaxdakı qəbrində başsız bədəni uyuyurdu. Onun başı isə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində saxlanılır və nümayiş etdirilir (səbəbi: Hacı Muradın öldürüldüyünü Qafqaz canişini Varansova sübut etmək üçün onun kəsilmiş başı öncə Tiflisə göndərilmiş, sonra da Sankt-Peterburqadək gedib çıxmışdı…)
Hər il təkcə həmin başı görmək üçün adını çəkdiyimiz muzeyə yüzminlərlə turist gəlir.  
Biz isə tarixi və mənəvi dəyəri bir yana qalsın, nə Tolstoyun məşhur qəhrəmanının qəbrini ən azından turistik baxımdan cəzbedici məkana çevirə bilərdik, nə də qoruya. Düzdür, qəbir yerindədir, ancaq artıq Hacı Murad orada uyumur. 
Yeri gəlmişkən: 
Hacı Muradın qəbri ilk dəfə açılmır. Bundan öncə də qəbir iki dəfə açılıb: onun həqiqətən Hacı Murada aid olub-olmadığını qətilləşdirmək üçün! 
İlk dəfə qəbir 1950-ci illərin ortalarında açılıb. Azərbaycanın görkəmli arxeoloqlarından biri Məmmədəli Hüseynov qəbirdə dəfn edilən şəxsin başsız, eyni zamanda sol ayağında zədə olduğunu aydınlaşdırır. Beləcə, məzarın Hacı Murada aid olduğuna dair ehtimallar güclənir. 
Aradan təxminən 30 il keçir. 
1980-ci illərdə qəbir yenidən açılır. Meyit tədqiqata cəlb edilir. Sonucda onun Hacı Murada olduğuna şübhə yeri qalmır. 
Təqribən 40 il sonra eyni qəbir üçüncü, ancaq bu dəfə tamamilə başqa niyyətlə açılır və meyitin qalıqları faktiki olaraq oğurlanıb aparılır. 
Hər halda ortada rəsmi icazə yoxdursa, buna oğurluqdan başqa ad vermək çətindir. Və bir daha yazaq: üstündən sükutla keçilməməlidir! 
Elnur Astanbəyli