"Hakimlər vəzifəyə ömürlük təyin edilməlidir, amma müəyyən məqamları nəzərə almaq şərtilə”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məhkəmə hakimlərinin vəzifəyə ömürlük və yaxud müəyyən yaşa qədər təyin edilməsi məsələsinə toxunarkən deyib. O bildirib ki, hakimlərin ömürlük təyinatı onların fəaliyyətlərində müstəqil olmaları üçün təminatdır:
"Bir çox ölkələrdə, məsələn ABŞ-da hakimlər vəzifəyə ömürlük təyin edilirlər. Hakimlərin vəzifəyə ömürlük təyin edilməsi onların müstəqilliyinin təminatıdır. Bu halda hakim fəaliyyətinə xitam verilməyəcəyinə tam arxayın olur və belədə daha rahat şəkildə qanunu və hüququ əsas tutaraq qərarlar qəbul edir. Hakimlər insan taleyilə məşğul olur. Hər kəs məhkəməyə son ümid yeri kimi baxır. Mübahisələri həll edən sonuncu instansiya məhkəmələrdir”.
Yaşa dolduqca hakimlərin daha böyük təcrübə əldə etmələri də həmsöhbətimizə görə, onların ömürlük təyin edilməsini vacib edir:
"Onlar bu zaman daha müdrik, qərarların qəbulunda daha keyfiyyətli və ədalətli olurlar. Bu baxımdan hesab edirəm ki, yaşa dolduqca hakimlərin təcrübə toplaması, müdrikləşməsi, daha müstəqil qərarlar qəbul etmələri onların vəzifəyə ömürlük təyin edilməsini vacib edir”.
Bununla belə, Ə. Nuriyev düşünür ki, bu zaman müəyyən məqamlar nəzərə alınmalıdır:
"Bu zaman onların təhsil səviyyəsi, sağlamlığı nəzərə alınmalıdır. Çünki müəyyən yaşda bəzilərində düşünmək, yaddaş imkanlarında problemlər yarana bilər. Belə şübhələr yaranarsa, hakimlərin müvafiq tibbi ekspertizadan keçməsi vacib olacaq. Hakim sağlam və aydın zəkaya malikdirsə, onun ömürlük təyinatı normal olardı. 68 yaşda hakimin təqaüdə çıxması normal deyil. Əksinə, bu yaşda o, daha geniş təcrübəyə malik olur”.
Rüfət Sultan