Gündəlik həyatda çoxumuz metrodan, avtobusdan istifadə edirik. Bəs millət vəkillərimiz ictimai nəqliyyatdan istifadə ediblər? "Sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiz?" sualı ilə deputatlarımıza müraciət etdik.
Fazil Mustafa: "Sonuncu dəfə 1 il öncə metrodan istifadə etmişəm. Hazırda isə istifadə etmirəm, şəxsi avtomobilim var".
Vahid Əhmədov: "Açığını deyim ki, sonuncu dəfə 1 il öncə marşrutdan istifadə etmişəm. Metrodan indi də arabir istifadə edirəm".
Araz Əlizadə: "Vallah yadıma da gəlmir. Çox-çox əvvəllər, tələbə vaxtlarımda istifadə etmişəm. Mənim öz maşınım olmazdan əvvəl həmişə piyada gəzmişəm, hər yerə piyada gedib-gəlməyi xoşlayırdım. Ona görə ictimai nəqliyyatdan çox az istifadə etmişəm".
Yevda Abramov: "Müxbirdi? Qurtardıq da, a kişi. Mən yol üstdəyəm, paltar geyib işə gedirəm".
Fərəc Quliyev: "Təsadüfən lazım olanda metrodan da, marşrutdan da istifadə edirəm, amma mütəmadi istifadəçi deyiləm".
Azər Badamov: "Təbii ki, ictimai nəqliyyatdan istifadə edirik. Ən lazım olan vaxtda hamımızın köməyinə gəlir. Bugün müasir avtobusların olması, kart sisteminin tətbiqi ictimai nəqliyyatdan istifadəni qat-qat asanlaşdırıb. Axırıncı dəfə bazar günü metro ilə işim olduğu üçün "Xalqlar dostluğu" stansiyasına gedib qayıtmışam. Elə bir ay öncə də həmkarım Tahir Rzayevlə metroda rastlaşmışam".
Eldar İbrahimov: "Tarix yadımda deyil, amma yeri gələndə istifadə edirəm. Xüsusi getdiyim bir yer yoxdur. İşə gedib evə gəlirəm. Şəhərə çıxanda isə istifadə edirəm. Düzü marşruta minməmişəm, amma metroya minirəm".
Çingiz Səfərli