
Bir neçə gün bundan əvvəl - fevralın 10-da ölkəmizdə baş vermiş zəlzələ respublikamızın bir sıra bölgələrində dağıntılara səbəb olub.
Lakin həmin dağıntılar, onların rayon sakinlərinə vurduğu zərər, onun miqdarı nədənsə ictimaiyyətən gizlədilir.
Bəzi rayonların icra strukturları zəlzələnin fəsadları ilə bağlı məlumatları ictimaiyyətə açıqlamırlar. Bu barədə qəzetimizə verilən məlumatlara görə, artıq zəlzələnin törətdiyi dağıntılarla bağlı Şamaxı, Hacıqabul, Sabirabad, Beyləqan və digər rayonlardan müraciətlər daxil olub.
Hətta bu rayonlarda fəaliyyət göstərən sığorta şirkətlərinə Qəbələ filialına zəlzələ nəticəsində 6 hadisə ilə bağlı məlumat daxil olub. İlk öncə qeyd edək ki, dağıntıların bir çoxu Şamaxıda baş verib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, dağıntılardan 5-i rayonun mərkəzi sayılan Şamaxı şəhərində, 1-i isə Avaxlı kəndində baş verib. Zəlzələ nəticəsində zərər çəkən obyektlərdən 4-ü restoran, 1-i avtotəmir sexi, 1-i ərzaq mağazasıdır. Zərər çəkən restoranlardan 3-ü, avtotəmir sexi və ərzaq mağazası şəhərin özündə, daha bir restoran isə Avaxlı kəndində yerləşir.
"Gündəlik Bakı"ya Hacıqabul rayonundakı dağıntılarla da bağlı informasiyalar daxil olub. Habelə İmişlidə fərdi evə, Sabirabad rayonunun Moranlı kəndində mağazaya, Hacıqabulda kafeyə, Beyləqanda isə ticarət obyektinə ciddi zərər dəyib.
Məsələnin təəccüb doğuran əsas məqamı zəlzələnin vurduğu zərərlər yox, bu dağıntıların bəzi rayonların icra hakimiyyətləri başçılarının müavinləri tərəfindən gizlədilməsidir. Məsələ burasındadır ki, Şamaxı, Hacıqabul, İmişli, Sabirabad, Beyləqan və digər rayonlar zəlzələdən zərər çəksələr də, bu inzibati yaşayış məskənlərinin fövqəladə hallar komissiyalarının rəhbərlərinin - bu vəzifələri icra başçılarının müavinləri icra edir - nə iş gördüyü məlum deyil.
Belə çıxır ki, bəzi rayonların fövqəladə komissiyaları zəlzələnin fəsadlarını gizlətməklə hansısa maraqlar güdürlər. Ancaq onlar zəlzələnin fəsadlarını gizlətməyə çalışsalar da, faktlar gec-tez üzə çıxır.
Qaynar.info