
Ötən il Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan jurnalist İkram Rafiqoğludan xəbər var.
Jurnalistin vəkili Elçin Sadıqov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, yanvar ayının 17-də vəkilin qaldırdığı vəsatətlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilkin baxış iclasının yekun qərarında məlum olacaq:
"Noyabr 2016-ci il hökmü ilə İkram Rafiqoğlu və vətəndaş Rəhman Novruzov Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Hökmdən sonra biz apellyasiya şikayəti vermişik. Yanvarın 17-də apellyasiya şikayətinə ilkin baxış zamanı vəsatət qaldırdıq ki, bu şikayətə Sumqayıt şəhər Məhkəməsinin baxmasına səlahiyyəti yox idi. Məlumat harada yayılıbsa, bu məsələyə uyğun olaraq həmin ərazinin məhkəməsi baxmalıdır. Məlumat da yayılıb Nərimanov rayon məhkəməsi ərazisində. Ona görə də, bu iş Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə də qeyd elədi ki, bizim vəsatətlə bağlı qərarını bu ayın 26-sı elan edəcək. Yanvarın 26-da Sumqayıt Apellyasiya Məhkəməsində ilkin baxış iclasının yekun qərarından sonra hər şey məlum olacaq. Qanuni tələbə görə, məhkəmənin qərarı ləğv olunmalıdır və bu iş Nərimanov rayon Məhkəməsinə qaytarılmalıdır".
Qeyd edək ki, həbsdə olan jurnalist İkram Rafiqoğlu müraciət ünvanlayıb. Jurnalist müraciətində bildirib ki, “Hürriyyət” qəzetində dərc olunan məqalənin müəllifinin başqası olduğu halda onun cəzalandırılması absurddur: "Halbuki yazının müəllifi Rəşad adlı yazardır. Müəllif olmadığım yazıya görə ittiham olunaraq həbs olundum. Sifarişlə həbs olunmağım artıq hamıya bəllidir və bunun arxasında Zakir Fərəcov dayanır".
"Hazırda Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında saxlanılıram. Sumqayıt şəhər məhkəməsinin qanunsuz hökmündən apellyasiya şikayəti vermişəm. Apellyasiya məhkəməsinin də Sumqayıt şəhərində yerləşməsi ədalətin bərqərar olacağına olan ümidləri azaldır. Zakir Fərəcov və onun arxasında dayananlar Sumqayıt Apellyasiya məhkəməsi vasitəsilə azadlığa qovuşacağıma mane olacaqlar"- həbs olan jurnalist müraciətində bildirib.
Famil Zərgərli
Qaynarinfo.Az