Xəbər lenti

Həbsdə olan Ramin Hacılı Prezidentdən kömək istədi (MÜRACİƏT)
Ölkə09:26 26.08.2022

Həbsdə olan Ramin Hacılı Prezidentdən kömək istədi (MÜRACİƏT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Möhtərəm Prezident!
27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyiniz altında haqq yürüşünə başladı. Bütün vətənsevərlər kimi mən də tam gücümlə bu müqəddəs işdə dövlətimizə dəstək olmağa  çalışdım. Əvvəllər olduğu kimi yenə də erməni təcavüzünə, terroruna, vandalizminə qarşı savaşda əlimdən gələni etdim. Həm əvvəlki illərdə, həm də savaş zamanı etdiyim fədakarlıqları vicdanı olan hər kəs yaxşı xatırlaya bilər. Sadəcə həmin kəslər qərəzli olaraq, bunları Sizə demirlər.
2019-cu ilin mart ayında Sizin müdaxilənizdən sonra azadlığa çıxdım. Mənə göstərilən etimadı doğrultmağa çalışdım. Fəaliyyət göstərdiyim şirkətin iflası nəticəsində yaranmış 154 min manatlıq borcu  öz üzərimə götürərək  2 il ərzində 117 min manat hissəsini ödəməyi bacarmışdım. 09 iyul 2021-ci il tarixli həbsim bu işi qısa müddətə uğurla başa vurmağıma mane oldu. 
Şəxsi problemlərimin olmasına baxmayaraq öz bilik və bacarıqlarımı səfərbər edərək ölkəmizə fayda verməyə də çalışırdım.  2019-cu ilin iyun ayında  Bakıdan Şuşaya ayaqla təkbaşına sivil yürüş edərək dünya birliyinin diqqətini erməni işğalına çəkməyə çalışdım. Paşinyan rejiminin militarist açıqlamalarına etiraz olaraq atdığım dinc addım erməni cəmiyyətində rezonans doğurdu. Savaşdan öncə Sizin Ermənistanın silahlanması haqqında etdiyiniz çıxışınıza dəstək olmaq üçün  araşdırmalara başladım. Məlum oldu ki, Gürcüstan üzərindən Ermənistana silah daşınmasını ifşa etdiyinə görə gürcü xanım öldürülüb. Bu hadisənin yaratdığı xofa görə heç kim faktları tirajlamırdı. Riskli olsa da bu missiyanı üzərimə götürərək faktaları yayımladım. Dövlət tərbiyəsi alanlar bilir ki, dövlətçilik şəxsi həyatdan üstündür.  Bütün fəaliyyətlərimdə bu prinsipi əsas almışam. 
Hörmətli cənab Prezident!
Mən 10 yaşında olarkən ailəmlə birgə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gələrək vaqonda yaşamışıq. Uşaq olarkən atam, anam və kiçik qardaşımın səhhətində ciddi problemlər yarandığından  işləməyə məcbur olmuşam. Çəkdiyim əziyyətləri kiminsə yaşamaması üçün dövlətimizin qüdrətlənməsinin vacib olduğunu bidiyimdən bu yolda əlimdən gələni etmişəm. 44 günlük vətən müharibəsindən sonra fəaliyyət göstərdiyim Beynəlxalq Avropa Hərəkatının xətti ilə xarici ölkələrdən jurnalistləri, ictimai xadimləri və Avroparlementariləri işğaldan azad olunmuş ərazilərə səfərini təşkil etməyə çalışırdım. Artıq müvafiq işlərə də başlamışıq. Bu barədə aidiyyatı dövlət qurumlarına da məlumat vermişdim. Təəssüf ki həbs olunmağım bu işi  də yarımçıq qoydu. 
Çox hörmətli möhtərəm Prezident!
23 oktyabr 2020-ci ildə mən əsgərlərimizə dəstək olmaq üçün Horadizə getmişdim. Həmin gün Siz Füzuli şəhərinin işğaldan azad olunması xəbərini verərək mənə böyük sevinc bəxş etdiniz. Atamın məzarına gedərək bu sevinci onunla bölüşdüm.
Hazırda mənə qarşı 6-7 il əvvələ aid ittihamlar 3-cü dəfə irəli sürülərək Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılır. Sizdən xahiş edirəm ailə vəziyyətimi, himayəmdə əlil anamın olmasını, dövlətçilik naminə xidmətlərimi, Sizin rəhbərliyiniz dövründə  yetişməyimi, gözümdə yaranan problemləri və zəfər bayramınında azadlıqda olmaq arzumu nəzərə alaraq haqqın öz yerini tapması üçün mənə köməklik edəsiniz.
Dərin hörmətlə, 
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının sədri
18 avqust 2022-ci il