Məhəmməd Əzizov: "Bayırda olanda nə etdiklərim yavaş-yavaş yadımdan çıxır"
Həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Məhəmməd Əzizov vəkil Fariz Namazlı vasitəsiylə Qaynar.info saytının suallarını cavablandırıb.
- Məhəmməd, salam, necəsiniz, səhhətin necədir?
- Salam. Belə də, babat, yaşamaq olar. Problem yoxdur.
- Saxlanma şəraitindən şikayətin varmı, kamera yoldaşlarının sənə münasibəti necədir?
- Yox, nə şikayət olacaq? Hamıda necə, məndə də elə. Hər şey yaxşıdır. Ümumiyyətlə, bu günə qədər kimlə söhbət etmişəmsə, bizi dəstəkləyir. - Həbsdə tapdığın yeni məşğuliyyətin varmı, vaxtını necə keçirirsiniz?
- Siqaret çəkirəm, kitab oxuyuram, televizora baxıram. Vaxt da ki gedir. Artıq 7 aydır, öyrəşmişik. - Həbsinizə cəmiyyət tərəfindən verilən reaksiyadan nə dərəcədə razısınız?
- Yəqin hamı əlindən gələni edir. Yeri gəlmişkən, həbs olunduğumuz gündən hər hansı yolla bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. - Digər siyasi məhbuslara baxan yerdə sən ən gənc məhbuslardansan. Necə münasibət göstərirlər sənə?
- Münasibət əladır. Hamı dəstək verir. Tək olmadığımızı görürük.
- Milli Şura seçkilərə vahid namizəd Cəmil Həsənliylə gedir, ümidləriniz necədir?
- Əlbəttə, hər şey şəffaf keçsə, nəyəsə ümid bəsləmək olar. Məncə çox da ümidlənmək lazım deyil. Çünki onun ardınca gələcək məyusluq fəaliyyətsizliyə səbəb ola bilər. Hər halda bura Azərbaycandır. Demokratik seçkilər olsa indiki hakimiyyət getməlidir.
- Əqidə yoldaşlarının sənə və digər həbs olunan gənclərə diqqətindən razısanmı?
- Hamı nə bacarırsa edir. Onlar olmasaydı, daha çətin olardı. O dəstəyi hiss etmək başqa şeydir. Heç nə əbəs deyil. - Şəxs olaraq bu müddətdə hansısa dəyişikliklər baş verib səndə?
- Nə bilim. Nə dəyişəcəksə artıq dəyişir. Bütün metamorfozlar başa çatıb. Burda da yəqin daha səbrli olmağı öyrəndik.
- İndi azadlıqda olsaydın nələri edərdin?
- Fəaliyyətimi, təhsilimi davam etdirərdim yəqin. Nə bilim, bayırda olanda nə etdiklərim yavaş-yavaş yadımdan çıxır.