
Anası Mətanət Axundova: “O cür uşağı küçədən götürüb həbs etməzlər”
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova: “Ondan bircə xahişimiz vardı: telefonunu açıq saxla”
Rəşadət Axundov adını indi sadə oxuculardan kimin yanında çəksən, söhbətin kimdən getdiyini anlayacaq. Gənc NİDA-çı, qısa müddət əvvəl barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş fəal bəzi cəbhədaşları kimi indi dəmir barmaqlıqlar arxasındadır. Hakimiyyətin öz çevrəsindəki gənclər barədə yalan-gerçək işlətməyi sevdiyi “gənc və perspektivli” kəlməsi Rəşadət və onun fəal dostları üçün sözün gerçək mənasında uyğundur. Onlar hakimiyyətin tez-tez öyündüyü “ingilis dilini mükəmməl bilir, xaricdə oxuyub, perspektivli yerdə çalışır” meyarlarını da özündə cəmləşdirir. Bir fərqlə - hakimiyyətə əks düşərgədə təmsil olunurlar...
Türkan Hüseynova: “Həbsi gözləyirdik, amma bu barədə danışmamağa çalışırdıq”
R.Axundovun həbsinə ancaq bir gəncin şərlənməsi, seçki ilində zərərsizləşdirilib sıradan çıxarılması kimi baxmaq kifayət deyil. Gənc ailə başçısı olan NİDA-çı bir neçə günə ata olacaq həm də. Təəssüflər olsun ki, ilk həyəcanı canlı-canlı yaşaya bilməyəcək, həmin hadisə barədə xəbəri ancaq vəkilləri vasitəsilə eşidəcək. Uşağının ilk günləri, ilk reaksiyaları, refleksləri... bunların hamısından kənarda, soyuq divarlar arxasında keçəcək ilk 3 ayı. Yaşamayan anlaya bilməz...
Həyat yoldaşı Türkan Hüseynova danışmağı çox xoşlamır. Qırıq-qırıq cümlələr, xəsisliklə bölüşdüyü bəzi xatirələr. Deyir, bəzi şeylər iki nəfər arasında yaşanıbsa, onu paylaşmaq doğru deyil, əks halda, özəlliyi itər. Amma “kəlbətinlə” də olsa, müsahibimin dilindən cütlüyün tanışlıq hekayəsini öyrənirəm. Məlum olur ki 2009-cu ildə ortaq dostları olan Elşən Poladlının vasitəsilə gənc fəalların çevrəsi ilə tanış olub. 2011-ci ildə R.Axundovla nişanları, elə həmin ilin iyulunda da toyları olub: “Mən özüm heç bir təşkilatda olmamışam. Uşaqlar hərdən zarafatla soruşurlar ki, niyə təşkilata üzv olmursan? Seçimim belə olub. ADNA hadisələrindəki etiraz dalğası zamanı bu gənclərlə tanış olmuşam”.
Türkan xanım xatırladır ki, bu, R.Axundovun ilk həbsi deyil. Müsahibimiz həyat yoldaşının 2010-cu ilin iyulunda 10 sutka həbs cəzası aldığını xatırlatdı. 2011-ci ilin 8 martında isə ona 5 sutka həbs verilib: “Düzü, bu dəfəki həbsi də bizim üçün gözlənilən idi. Ailə gözləyirdi. Amma bu haqda xüsusi olaraq danışmırdıq. Ümumiyyətlə, bu mövzunu müzakirə etmirdik desəm, yerinə düşər. Çalışırdıq ki, xoşagəlməz hallar haqda söhbət açmayaq”.
“Zəng elədik, “otboy” verdi, başa düşdüm ki, həbs olunub”
T.Hüseynova R.Axundovun həbs gününü isə belə xatırlayır: “Səhər yeməyini yedi, çıxdı. Evdən çıxanda da dedi ki, gələndə gəzməyə gedərik. Güman ki, onu evdən çıxan kimi həbs ediblər. Çünki zəng elədik, ”otboy" verdi. Ondan sonra başa düşdüm ki, həbs olunub. Sonra Üzeyirin həbsindən xəbər bildik".
Həbsin baş verdiyi gün sosial şəbəkədə daha çox R.Axundovu ehtiyatsız olduğu üçün qınayanlar gözə dəyirdi. Xüsusən dost çevrəsində olanlar onun barəsində “tutulacağını bilirdisə, özünü qorumalıydı” deyə şərhlər yazırdılar. Türkan xanım isə bunun əksini düşünür: “Evdən çıxmamaq mümkün deyildi. O, hər gün işə gedirdi. Üstəlik, təhlükəli bir iş tutmamışdı ki, evdən də çıxmasın. Düzü, heç biz də ona demirdik ki, evdən çıxmasın. Sadəcə, hər zaman ona deyirdik ki, telefonunu açıq saxla. Amma bu həbs mənim üçün sürpriz olmadı. Hər zaman fikirləşirəm ki, həyatda hər şey ola bilər”.
“Bizdən işlə bağlı bir neçə kitab istəyib”
Və ailəyə qatılacaq yeni üzv... Sayılı günlər qalıb Rəşadət bəyin ata olmasına. Oğul atası olacaq. Adı da indidən seçiblər: “Rəşadət deyib ki, uşağın adını Araz qoyaq. Dostu Araz Qasımovun şərəfinə seçib bu adı. Amma deyim ki, uşaqla bağlı böyük, uzaqgedən planları olub, yox, belə müzakirələrimiz olmayıb. Sadəcə bir fotoqraf dostumuz var, uşaq dünyaya gələn gün ondan şəkilləri çəkməyini istəyəcəkdik. Bundan əlavə heç nə düşünməmişdik. Çünki elə şeyləri xüsusi qeyd etməmişik”.
Məhbus fəalın ailəsinə göndərdiyi mesajlara gəlincə, T.Hüseynova dedi ki, R.Axundov yaxşı olduğunu yazıb, hər kəsə salam göndərib: “İşlə bağlı bir neçə kitab istəmişdi. Bir də axırıncı dəfə Həmidə xanım Cavanşirin xatirələrini oxuyurdu. Onu istəyib”.
Adətən həbs sonrası sınaqdan çıxmayan qohumlar, dost-tanışlar az olmur. Axundovlar ailəsi üçün bu, keçərli olmayıb. Türkan xanım deyir ki, onu dəstəkləyənlərdən çox razıdır və hər birinə təşəkkür edir. Bəs “kaş ki, bu işlərə qoşulmayaydı” deyən qohumlar, tanışlar varmı? Müsahibimizin sözlərinə görə, yanında Rəşadətlə bağlı mənfi şeylərin danışılmasından xoşlanmır və buna icazə vermir.
Anası Mətanət Axundova: “Rəşadət uşaq vaxtı 20 Yanvarla bağlı şeirləri ağlaya-ağlaya deyirdi”
R.Axundovun anası Mətanət Axundova da deyir ki, oğlu ilə bağlı xoşagəlməzliyi daha öncə də yaşayıb. Hadisə 2011-ci ilin mart ayında oğlunun toy yerini danışmaq üçün restoranlardan birinə gedərkən baş verib: “9 oğlan onu əlimdən aldı. Heç biri də demədi ki, onu niyə tuturlar. İndi də belə... Bugünlərdə uşağı dünyaya gələcək, amma onu içəriyə salıblar. Mənim uşağım kimi vətənpərvər uşaq yoxdur. 1990-cı il hadisələri ilə bağlı şeirlər deyirdi, məktəbə də getmirdi, nənəsinin yanında qalırdı. Həmin şeirləri ağlaya-ağlaya deyirdi. ”Ağla qərənfil" şeirini deyəndə ona qulaq asanlar da özünü ağlamaqdan saxlaya bilmirdi. Onun ata babası yandırılıb. Keçmiş Martuni rayonunda. Şəhid qohumlarımızı, ev-eşiyindən didərgin düşənləri görüb. Kef-damaq içində böyüməyib oğlum. Qəlbində də hər zaman bu torpağa sevgi olub".
Anası deyir ki, gənc fəalı tanıyanlar onun necə tərbiyə yiyəsi olduğunu bilirlər. “O, heç vaxt pis iş tutmayıb” deyən Mətanət xanım oğlunun daim özündən yaşca kiçiklərə də düzgün yol göstərdiyini bildirdi: “Rəşadət qohumlardakı bütün uşaqlara örnək olub, onlara təhsillə bağlı yaxşı məsləhətlər verib. Yol göstərdiyi uşaqlar indi Türkiyədə oxuyurlar. Onların valideynləri də həmişə Rəşadətə alqış edirlər. O cür uşağı küçədən götürmək olmaz. Ağ kağıza qara ləkə düşməz. Rəşadət xarici ölkədə fərqlənmə diplomu alıb, iş yerində yaxşı hörməti olub. Belə gəncə bu formada zərbə vurmaq olarmı?”
Müsahibimiz hər zaman oğullarına görə fəxr etdiklərini deyir. “Ona deyirdik ki, sən düzgünlük tərəfindəsən, amma ehtiyatlı ol” deyən müsahibimizə görə, heç vaxt oğlunun küçədən tutulub həbs ediləcəyi ağlına gəlməzdi: “Arzu edirəm ki, indi yanımızda, doğulacaq körpəsinin yanında olaydı. Allah onu təmiz qəlbinə bağışlasın. Düzdür, yanıram, ağlayıram, amma eyni zamanda fəxr edirəm”.
Sevinc TELMANQIZI
Musavat.com