Xəbər lenti

Həbsdəki sabiq nazir və icra başçısı azadlığa çıxmaq istəyir
Ölkə06:35 06.06.2016

Həbsdəki sabiq nazir və icra başçısı azadlığa çıxmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər Rayon Məhkəməsində Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra etmiş Nicat Quliyevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxılıb. Məhkəmə ərizəni təmin etməyib.
Qərardan narazı N.Quliyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində iyunun 9-da keçiriləcək iclasa hakim Qail Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.
N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti verib. N.Quliyev şikayətində barəsindəki cinayət işinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyib. Ali Məhkəmə sabiq nazirin kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, N.Quliyev Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
Rəsmi sənədləri qanunsuz hazırlamada və dələduzluqda təqsirləndirilən Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Şıxməmməd oğlu Alışov da barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 9-na təyin edilib. İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, R.Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.
Bu il aprel ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.
Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(Report)
Qaynarinfo.az