Müsavat başqanının müavininin qızı və oğlu onunla görüşüblər
Müsavat başqanının həbsdəki müavinlərindən Tofiq Yaqublunun karantin müddəti şənbə günü başa çatıb. Qızı və oğlu oktyabrın 19-da 13 saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşüblər.
Bu barədə musavat.com-a Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib: “Bu gün karantin müddəti başa çatdığına görə, atam ilə görüşməyimiz mümkün oldu. Karantin müddəti 14 gün idi. Qardaşım və mən onunla görüşdük. Özünü yaxşı hiss edir. Əhvalı yaxşıdır. Möhkəmdir. Hər kəsə salam söylədi. Elə bir şikayəti yoxdur. Saxlanma şəraitindən də şikayətlənmədi. Artıq şəraitə uyğunlaşıb. Azərbaycanda ən ağır Cəzaçəkmə Müəssisəsi olsa da, hələlik hər şey normaldır. Atam olduğu şəraitlə barışıb”.
N. Yaqublu özünün Facebook səhifəsində isə yazıb ki, həbsxanada T. Yaqublunun saçlarını məcburi qaydada qırxıblar: "Bığını da özü qırxıb. İlk görəndə tanımadıq... "
Qeyd edək ki, Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. Müsavat başqanının müavini məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info