Xəbər lenti

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ
Ölkə 13:28 03.01.2025

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.

Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->