
Tüstülənir şəhər parkı ertədən.
Od vurub dalandar
payızın sarı qulaqlarına.
Bu gün oktyabrın 5-di...
Aydın Talıbzadənin ad günüdü.
Birləşdirib üç 5-i: Oktyabrın 5-i tamamlayır 55-i.
Aydın Talıbzadə ömrünü adına həsr edib, ömrü boyu aydınlığa can atıb, AYDIN olmağa, adına sadiq qalmağa çalışıb. Və sadiq qalıb da. Ol səbəbdən Aydın olan yerdə həmişə AYDINLIQ olub.
Aydın Talıbzadə otuz ildən çoxdur ki, öz əsərləri ilə milli sənətşünaslığımıza naxış vurur. Burada naxış sözü heç də təşbeh və ya mübaliğə deyil, sözün birbaşa məna yükünü daşıyır. Çün Aydın müəllimin istər hər hansı yazısı, istərsə də kitabı olsun, zərgər işinə bənzəyir. Aydın Talıbzadə yaradıcılığının məxsusi cəhəti ondadır ki, o, ona döğma olan teatrla yanaşı, sənət adında olan hər nədən yaza bilir və yazır. Bu mənada, onun əsərləri yalnız teatrşünaslığımız üçün deyil, bütövlükdə milli sənətşünaslığımız, fəlsəfi-kulturoloji fikrimiz üçün böyük çəkiyə malikdir.
Bəzən deyirlər ki, filankəs filan sahənin ağır artilleriyasıdır. Yox, Aydın Talıbzadə Azərbaycan teatrşünaslığının ağır artilleriyası deyil. O, teatrşünaslığımızın snayperidir. Elə mövzular var ki, yalnız onun nişangahına tuş gələ bilər. Necə ki gəlib. O, "Faciə: janrın təyininə dair" (1990), "Ustad və Ayna"(2004), "İslam dünyasında teatr və teatrallıq" (2006, rusca), "Şərq teatr tarixi" (2008), "Mehdi müəmması və ya sənətdə konseptual hamletizm" (2009) kimi kitabları, yüzlərlə məqaləsi ilə Azərbaycan teatrşünaslığını sadəcə zənginləşdirməyib, ona fərqli baxış bucağı gətirib, ona dünya havası qatıb, onu yeni müstəvi üzərinə çıxarıb.
Aydın Talıbzadə çox geniş mütaliə və çoxşaxəli istedad sahibidir. O, elmlə yanaşı, bədii yaradıcılıqla da uğurla məşğul olur. Görkəmli sənətşünasın oxucular tərəfindən böyük maraqla qarşılanan şeirləri, “Kəpənək modeli. 102.” romanı, “Tubinot” dram-zarafatı onun əsil SÖZ adamı olduğunu təsdiqləyir.
Aydın Talıbzadənin daha bir keyfiyyəti var ki, bu da onun həm bir şəxsiyyət kimi xarakterini müəyyən edən, həm də bir sənətşünas-alim kimi bütün yaradıcılığından qırmızı xətlə keçən kübarlığı, ağayanalığıdır. O, hər mənada SÖZÜNÜN ağasıdır!
Bu gün oktyabrın 5-di...
Tüstülənir şəhər parkı ertədən.
Od vurub dalandar
payızın sarı qulaqlarına.⃰
Bu gün oktyabrın 5-di...
Aydın Talıbzadənin ad günüdü.
Həmişə AYDINLIQDA!
Vidadi Qafarlı
Teatrşünas
⃰ Hokkunun müəllifi Aydın Talıbzadədir.