Xəbər lenti

Hərbi Dəniz Qüvvələrində yoxlamalar: “Kod 555" Elxan kimdir?
Ölkə07:40 27.11.2013

Hərbi Dəniz Qüvvələrində yoxlamalar: “Kod 555" Elxan kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 25-dən etibarən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində 12 nəfərdən ibarət təhqiqat qrupu total yoxlamalara  başlayıb.

Yoxlamanın bu qoşun növünün bütün sahələrini əks etdirəcəyi haqda məlumat var. Yoxlamaya səbəb isə Bibiheybət qəsəbəsində  yerləşən və vitse-admiral Şahin Sultanova tabe olan hərbi hissədə baş verən hadisədir. Belə ki, yeni nazirin təyin etdiyi Hərbi  Polis İdarəsinin rəisinin göstərişinə əsasən göstərilən ərazidə qəfil reyd keçirilib, hərbi hissənin ərzaq anbarından böyük  miqdarda ərzaq məhsulları çıxarılması faktı qeydə alınıb. 

Oğurluq hadisəsinin qarşısı alınıb, aktlaşdırılıb və ərzaq anbarı  möhürlənib. Olay haqda müdafiə nazirinə məlumat verilib. Müharibə şəraitində olan bir ölkədə əsgərə veriləcək ərzağın talan  edilməsi nazirin qəzəbinə səbəb olub. 

Belə məlumat var ki, Ş.Sultanov tabeliyində olan hərbi birləşmədə vəziyyətə nəzarət edə bilmir. Belə qanunsuzluqlar isə hər gün baş  verir. Zakir Həsənovun oğurluq hadisəsinə münasibəti çox kəskin olub və o, bununla bağlı nazirliyin arxa cəbhə xidmətlərinə Hərbi  Dəniz Qüvvələrində yoxlamalara başlanılmasına göstəriş verib. 

Müdafiə Nazirliyi sistemində adı korrupsiya qalmaqallarında hallanan generallardan biri də Şahin Sultanovdur. Vitse-admiralın adı  hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana düşmüş  evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış  əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. 

Bundan başqa, Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək “kod  555" adı ilə tanınan vətəndaş Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi  avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta  sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması, hərbi  hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətmələri, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb.

Yazıda adı hallanan hər kəsi, o cümlədən Şahin Sultanovu da dinləməyə hazırıq. 

musavat.com