Bir müddət öncə erməni kəşfiyyatçısının sosial şəbəkələrdə görüntülərinin yayılması geniş müzakirələrə səbəb oldu. Lakin sonra həmin görüntüləri yayan hərbiçilər qanun çərçivəsində cəzalandırıldı.
Müdafiə Nazirliyindən bildirildi ki, faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçulara qarşı müxtəlif cəzalandırılma növləri tətbiq edilib və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.
Mövzu ilə bağlı "MediaPost”a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, dünyanın bütün ölkələrinin silahlı qüvvələrində smartfon tipli telefonların istifadəsi qadağandır:
"Həmçinin də ölkəmizdə bu hal qanunun pozuntusudur. Cəbhə bölgəsində bu tipli telefonlardan istifadə edərək hərbiçilərin hansısa görüntünü çəkməsi və paylaşması yolverilməz haldır. Bu həm daxili xidmət nizamnaməsi ilə, həm də ölkə qanunvericiliyi ilə qadağandır. Ümumiyyətlə, vətənpərvərlik ruhunun qaldırılması üçün düşmən əsgərinin görüntülərinin olması normal haldır. Lakin etiraf edək ki, Azərbaycan belə vəziyyətlərdə günahsız olduğu halda günahkar durumuna düşə bilir. Məsələn, düşmən əsgəri qanunları pozaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçməsi qanun pozuntusudur. Lakin bu cür videoların sosial şəbəkələrdə geniş yayılması beynəlxalq qanunvericiliyə ziddir. Yəni əsirin belə görüntülərinin yayılması düzgün deyil. Biz çox yaxşı bilirik ki, Azərbaycan xalqı erməni işğalından hansı əziyyətləri çəkib. Bizim minlərlə günahsız insanlarımız erməni vəhşiliyinin qurbanı olub. Amma unutmamalıyıq ki, bəzi qanunlar var ki, bütün ölkələrdə olduğu kimi biz də ona əməl etməliyik. Ona görə də mən də hesab edirəm ki, bunu edən hərbi qulluqçuların cəzalandırılması, onlarla bağlı hansısa tədbirin görülməsi qanunauyğundur”.
Ekspert həmçinin qeyd edib ki, hərbi qulluqçularla bağlı qərarlar tabelik prinsipinə müvafiq olaraq aidiyyatı şəxslər tərəfindən verilir:
"Yəni demək istəyirəm ki, bu, birmənalı olaraq bir nəfərin üzərində olduğunu düşünmək doğru deyil. Əlbəttə, bir vətəndaş olaraq o hərbçiləri başa düşmək olar. Yəqin ki, bizim hər birimiz erməni hərbiçisini ələ keçirsəydik, buna bənzər bir şey edə bilərdik. Amma bir daha qeyd edirəm ki, bu görüntülərin sosial şəbəkələrdə yayılması yanlış hərəkətdir”.