Xəbər verildiyi kimi, iki gün öncə Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Hesabatdan aydın olur ki, nazirlik tərəfindən ciddi nöqsanlara yol verilib və külli miqdarda vəsaitin təyinatı üzrə xərclənməsi şübhə altına düşüb.
Halbuki mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bundan 13 ay öncə rəhbərlik etdiyi qurumun daxili strukturunda korrupsiya olmadığını bəyan etmişdi.
Qaynarinfo.Az-ın araşdırması nəticəsində məlum olub ki, cənab Qarayev 2015-ci ilin son günlərində keçirilən kollegiya iclasındakı çıxışında aparılan yoxlamaların nazirliyin yerli müəssisələrində, idarələrində korrupsiya probleminin tam həll olunmadığını göstərdiyini etiraf etsə də, Mədəniyyət və Turizm Nazirliyinin daxili strukturunda korrupsiya olmadığını söyləyib.
Hesablama Palatasının hesabatında isə açıq şəkildə göstərilir ki, “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib”.
Bundan başqa, hesabatda baş verən nöqsanlar birbaşa Mədəniyyət və Turizm Nazirliyinin adı ilə bağlanır.
Buradan da aydın görünür ki, Əbülfəs Qarayevin 13 ay əvvəl korrupsiyanın guya nazirliyin sadəcə, yerli (yəni müəyyən şəhər və rayonlardakı) idarələrində, müəssisələrində qaldığı yönündə dedikləri reallıqla bir o qədər də örtüşmür. Hesabatdan məlum olur ki, büdcə vəsaitlərinin şəffaf və təyinati üzrə xərclənməsi sarıdan nazirliyin daxili strukturunda da vəziyyət heç də ürəkkaçan deyilmiş.
İndi maraqlı olan Qarayevin və rəhbərlik etdiyi nazirliyin yüksək rəsmilərinin Hesablama Paltasının ortaya çıxardığı nöqsanlara hansı izah verəcəyidir...
P.S. Yeri gəlmişkən, bir neçə il əvvəl cənab nazir demişi ki, elə yerlər var, bir küçədə üç kitabxana yerləşir: “Bir küçədə üç kitabxana saxlamağa zərurət də yoxdur. Bu yolla dövlət büdcəsinə də qənaət edilər. Çünki biz dövlət büdcəsinə də qənaət etməliyik”.
Hesablama Palatasının haqqında danışdığımız hesabatında isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verildiyi bildirilir.
“Dövlət büdcəsinə qənaət məqsədilə” bir küçədə birdən artıq kitabxananın olması düzgün deyilmiş, amma yemək-içmək üçün bədxərclik etmək olarmış!
Əlavə şərh verməyi oxucuların ixtiyarına buraxırıq.
İlkin Hüseynli
Qaynarinfo.Az