
Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, iş adamları, diaspor təmsilçiləri, “AMOR”-un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak ediblər.
Anım mərasimində çıxış edənlər mərhum prezidentin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulayıblar.Qeyd olunub ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
Çıxışlarda həmçinin Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərməsi söylənilib: "Bu gün onun siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir".