Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.
Dünyada bu qədər zəlzələlər qeydə alınsa da, seysmoloji halları öncədən xəbər verən cihazlar yoxdur.
Hətta, heyvanların zəlzələni öncədən hiss etməsi barədə fikirlər dolaşır.
Bəs reallıqda vəziyyət necədir?
Seysmoloji hallar zamanı heyvanların bu qabiliyyətindən istifadə olunurmu?
Eyni zamanda, zəlzələni öncədən proqnozlaşdıran cihazlar varmı?
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Modern.az-a açıqlamasında deyib ki, zəlzələni öncədən proqnozlaşdırmaq mümkün deyil.
"Dünyada çoxlu elmi-təqdiqat institutları var. Hər ölkənin ərazisində seysmik cəhətdən aktiv və aktiv olmayan zonalar var. Azərbaycandan danışırıqsa, əsasən bizdə Xəzər dənizi zəlzələ üçün aktiv zonadır. 2000-ci ildə baş verən zəlzələ Bakıda qeydə alınmamışdı. O zəlzələ Xəzər dənizində baş vermişdi. Sadəcə ərazi baxımından Bakıya çox yaxın olduğuna görə həmin zəlzələ Bakını möhkəm silkələmişdi. Bizim əsas partnyorlarımız Yaponiya və Amerikadır. İstifadə etdiyimiz avadanlıqlar Yaponiya texnologiyasına məxsusdur.
2011-ci ildə Yaponiyada güclü zəlzələ baş vermişdi. Həmin zəlzələdən sonra yaponlar zəlzələ proqnozu verə biliblərmi? Halbuki, onların ərazisi bizdən daha seysmikdir və bəzən olur ki, proses başlayanda yaponlar onu hiss edirlər. Söhbət təkcə Yaponiyadan getmir. Ümumiyyətlə, dünyada öncədən seysmoloji proqnoz müəyyənləşməyib”.
Azərbaycanda heyvanların zəlzələni öncədən hiss etməsi ilə deyilənlərə gəlincə, şöbə müdiri indiki halda bunun qeyri-mümkün olduğunu bildirib.
"Seysmoloji xidmət olaraq peyk rabitəsi ilə işləyirik. Ona görə də günümüzdə heyvanların zəlzələni hiss etmə qabiliyyətini yoxlamamışıq. Amma ədəbiyyatlarda bu barədə geniş məlumatlar yer alıb. Hətta akvariumda olan balıqların belə zəlzələni öncədən hiss etdiyini deyirlər. Ədəbiyyatlarda belə nümunələr çoxdur. Amma biz respublikada tədqiqatlarımızı cihazlar vasitəsilə edirik. Bizə məlumatlar peyk stansiyaları vasitəsilə ötürülür və mərkəzimizdə məlumatlar emal olunur”.
Qaynarinfo.Az