Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında bildirib ki, baş verən yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib.
Onun sözlərinə görə, yanğın bu gün saat 10.00 radələrində Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gəlib. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.