Xəbər lenti

Hitler Hidayət - KÖŞƏ
Ölkə12:16 08.10.2013

Hitler Hidayət - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kamran Su

Hitler Hidayət


Bir dostum var idi. Boyu 1.55 sm idi, 35 yaşı olardı. Pul dəyişmə məntəqəsində işləyirdi. Onunla, əsasən, şənbə, ya da bazar günləri görüşürdük. Hər dəfə də məni restorana aparıb nəyəsə qonaq edirdi. Əvvəllər hesabı hər dəfə dostumun ödəməsindən narahat olsam da, sonradan öyrəşdim. O da dinməz-söyləməz hesabı verirdi. Sonra çıxıb şəhərdə bir az gəzişərək ayrılırdıq.

Yaxşı adam idi dostum. Heç kimlə işi olmazdı. Pul xərcləməyi də bacarırdı. Bir dəfə ayaqqabılarımı paltaryuyan maşında yuyub pis günə qoymuşdum. Səhəri gün geyinib işə getməyə başqa ayaqqabım yox idi. Dərd almışdı məni. Götürüb facebook-da status yazdım. Bir də gördüm, dostum mənə mesaj yazdı ki, gəl gedək sənə ayaqqabı alaq. 

Özünün dediyinə görə hər dəfəsində bir ətək pul töküb fahişə yanına gedirdi. Amma seksdən sən deyən xoşu gəlmirdi. Bir növ qarşı idi seksə. Dediyinə görə alim olsaydı, axtarıb nəsil artırmanın başqa yollarını tapardı.

Qazandığının yarısını kitablara xərcləyirdi. Bir dəfə evlərində oldum, yalan olmasın, evinin dörddə biri kitab idi. Dostumun bir özəlliyi də yazıçılar haqqında fərqli fikirlərinin olması idi. Müxtəlif adlar qoyurdu yazıçılara. Məsələn, Viktor Hüqonun adını pedofil qoymuşdu, Heminqueyə "qoca axmaq", Selincerə isə "yekəbaş" deyirdi. Ən sevdiyi yazıçı isə Anar idi. Onun adını "imperator" qoymuşdu. Bir dəfə soruşdum ki, təsadüfən "imperator" ləqəbini bizim İbrahim Tatlısəsdən oğurlamayıb? Dostum başını bulayaraq dedi ki, qəti şəkildə belə deyil. Bu ad Anara qarşı olan hisslərinin ifadəsidir və olmadığı qədər də orijinaldır.

Dostumun əsl adı Hidayət idi. Amma mən zarafatca ona Hitler Hidayət deyirdim. Çünki hansı mövzuda söhbət edirsə etsin, axırını mütləq gətirib Hitlerə çıxarırdı. Hitler onun ən sevdiyi tarixi şəxsiyyət idi. Açığı, onun bu Hitler söhbətləri məni bezdirsə də, xətrinə dəymirdim, deyirdim qoy nə qədər istəyir danışsın. Hitler demişkən, hərdən məni bu balacaboy əbləhin arxasınca, necə olub ki, bu qədər adamın gözüyumulu ölümə getdiyi düşündürürdü, amma dostumu tanıyandan sonra əmin oldum ki, o balacaboy əbləh həqiqətən də böyük adam imiş.

Hitler Hidayəti kimsə inandırmışdı ki, o, rus dilində danışa bilir. Bilmirəm yəqin zarafat eləmişdilər, amma o, buna bərk inanmışdı. Çünki, yeri gəldi-gəlmədi, qol-qıçını qıra-qıra rus dilində danışırdı. Məsələn, bir dəfə mağazadakı satıcıdan siqaret alanda "skolko doljen ya vam?" dedi, satıcı gülümsədi, qayıdıb dedi ki, qardaş eynilə Rusiyada alma satan azərbaycanlılar kimi danışırsan. Nə məcburdu? Niyə öz dilimizdə danışmırsan? Bu sözlər dostumun xətrinə dəydi. Bərk incidi. Siqareti alıb dükandan çıxanda dodaqaltı donquldandı ki, kaş, Hitler sağ olaydı...

Yeri gəlmişkən deyim ki, dostumun poeziyaya da marağı var idi, hərdən özü üçün cızma-qara edirdi. Hətta bir dəfə təzə yazdığı şeirindən bir parça mənim üçün oxumuşdu:

Kondisonerimiz xarab olubdu,
paltaryuyanımız da neçə vaxtdı işləmir,
işıqlar tez-tez kəsilir,
qaz zəif gəlir.
Nolaydı Hitler sağ olaydı...

Sonradan dostum gözə görünmədi. Arada bir-iki dəfə zəng vursam da, operator qız zəhlətökən səsi ilə bildirdi ki, dostumun telefonu sönüb, zəng çatmır. Bir gün eşitdim ki,  evlənib. Özü də alman bir qızla. Bu söhbətdən bir ay sonra dostumu "Tarqovı”da gördüm. İşdən yorğun-arğın çıxıb evə gəlirdim, bir də gördüm kimsə cır səslə dedi: "Zdrastuvute!". Başımı qaldırıb baxdım, köhnə dostum idi. Yanında da özü kimi balacaboy, sarışın bir xanım. Əl uzadıb hər ikisi ilə görüşdüm. Dostum dişini ağarda-ağarda bizi tanış elədi: "Poznakomsiya eto moy lubovnik Yeva".

Ordan-burdan söhbətləşdik. Dostum dedi ki, siyasi partiyaların birində fəaliyyətə başlayıb. Yavaş-yavaş işləri qaydasına düşür. Partiyada da xeyli nüfuz qazanıb. Danışa-danışa gəlib Malakan bağına çatdıq. Dostum əlindəki pultla uzaqdan maşınının qapılarını açdı. Sonra məndən soruşdu: "Kakaya eto maşına?"

Arxasınca da əlavə etdi ki, "Mersedes"dir, Hitler də bundan sürüb...