Xəbər lenti

Hörmüz boğazında gərginlik:
Dünya 14:41 02.04.2026

Hörmüz boğazında gərginlik: "Müharibə qlobal iqtisadiyyata və Azərbaycana təsirlərini artırır"

Hörmüz boğazı ətrafında baş verən hadisələr artıq qlobal sənayeyə ciddi təsir göstərməyə başlayıb. Müharibənin nəticələri yalnız enerji və logistika sahələri ilə məhdudlaşmır, eyni zamanda dünya üzrə istehsal və təchizat zəncirlərinə də birbaşa təsir edir. Artıq dünya liderləri xalqa müraciət edərək, müharibənin davam edəcəyi təqdirdə qarşıya çıxacaq problemlər barədə məlumat verirlər. 

Bəs bu müharibə və Hörmüz boğazı ətrafında baş verən hadisələr davam edərsə, qlobal vəziyyət necə dəyişəcək? Proseslərin Azərbaycana təsiri nə olacaq?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, ABŞ, İsrail və İran arasında müharibə dünyanın harasında yerləşməsindən asılı olmayaraq bütün ölkələr üçün əlavə iqtisadi xərc yaradır:

"Baş verən hadisələr Yaxın Şərqdə vəziyyəti gərginləşdirməklə yanaşı, eyni zamanda enerji qiymətlərini kəskin artırır. Bu yanacaq qiymətlərində, daşıma xərclərinin artmasında, istehsalın və xidmətin maya dəyərinin yüksəlməsində özünü göstərir. Dünyada mayeləşmiş qaz ixracatının təxminən beşdə biri, ümumi neft daşımasının da beşdə biri Hörmüz boğazı vasitəsi ilə həyata keçirilirdi".

Xalid Kərimlinin sözlərinə görə, bu təsirlər təkcə enerji resursları ilə yekunlaşmır. Çünki Hörmüz boğazı vasitəsi ilə gübrə ixracı, tikinti məhullarının ixracı, mədən məhsullarının ixracı aparılırdı:

"Ona görə baş verən proseslər dünya dəyər zəncirində bahalaşmaya gətirəcək faktorlardı. Xüsusi ilə də gübrənin ixracında problemin yaranması, onun bahalaşmasına, bu da birbaşa olaraq kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir edə bilər. Bundan isə xüsusi olaraq dünyanın kasıb dövlətləri daha çox əziyyət çəkəcək".
 


Xalid Kərimli deyir ki, xüsusi ilə boğazda limanları olan ölkələr, bu limanlar vasitəsilə tranzit yükdaşımaları həyata keçirən ölkələr bu münaqişədən ciddi şəkildə əziyyət çəkir. Nəzərə alsaq ki, İranın Bəndər-Abbas limanı vasitəsi ilə Azərbaycan Şərqdən, xüsus ilə Çindən məhsullar idxal edirdi:

"İndi Bəndər-Abbas limanının bağlı qalması, Körfəzdə problemlər alternativ marşrutlara keçməyə vadar edir. Bu marşrutlar isə bahalaşma deməkdir. Çünki sahibkarlar əsas marşrutlarını ucuz və sərfəli olanlardan seçirlər. İndi isə başqa marşrutlara keçəndə qiymət bahalaşması müşahidə olunur. Ənənəvi marşrutların dəyişməsi də ümumi daşıma sektorunda qiymət artıran faktor rolunu oynayır. Çünki əsas marşrutların dəyişməsi gəmidaşıyanların xidmətlərinə tələbi artırır, gəmilərin okeanda qalma müddətini yüksəldir, nəticə etibarı ilə təkcə Körfəzdə limanı olan ölkələr yox, dünya okeanlarında yükdaşıma həyata keçirən insanlar bu prsesdən təsirlənmiş olur".

Bu müharibənin Azərbaycana baş verəcək təsirləri haqqında danışan ekspert son olaraq vurğulayıb ki, ABŞ-İran müharibəsi tezliklə yekunlaşmasa, biz qlobal inflyasiyanın sürətlənəcəyini müşahidə edəcəyik:
 
"Çox təəssüfki bu müharibənin neqativ tərəfini ən çox hiss edəcək ölkələrədən biri də Azərbaycan olacaq".
 
Günay İlqarqızı

--> -->