Hüquq müdafiəçisi Fuad Həsənovun səhhəti ilə bağlı xəbər var. Qaynarinfo.Az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən Fuad Həsənovla bağlı yeni məlumatları hüquqşünas Akif Qurbanov sosial şəbəkədə paylaşıb.
Akif Qurbanov yazıb ki, “Avrasiya Hospitalı”nda həkimlər ona dəqiq diaqnoz qoya bilmirlər və üstəlik yaxınlarını məlumatsız saxlayırlar:
“Fuad Həsənovun müalicə aldığı “Avrasiya Hospitalı”ndayıq. Vizual görnüşü müasir standartların üst səviyyəsində olsa da, xidməti ailəni cana gətirib artıq. Belə ki, xəstəliyin ağırlığı bir yana, diaqnozu dəqiqləşdirmə çətinliyi öz yerində, ailəni, xəstə yaxınlarını üzən həm də məlumat yetərsizliyidir. Hospitalın kassası sayğac kimi maliyyəni hesablasa da, nə analizlərin nəticəsi, nə xəstəliyin gedişi və diaqnozun dəqiqləşməsi, çıxış yolları barədə məlumat almaq demək olar ki, mümkünsüz hala gəlib. Xəstə yaxınları əlində çıraq müalicə həkimini axtarır ki, məlumat alsın. Etiraz edəndə də çox sadə cavab var, xoşunuz gəlmir xəstənizi də götürüb gedə bilərsiniz. Bu da analoqu olmayan inkişafdan doğan səhiyyəmiz və onun insana münasibəti.”
Qeyd edək ki, Azərbaycan demokratik ictimaiyyətinin görkəmli nümayəndələrindən biri, “Demokratik monitor” QHT-nin rəhbəri Fuad Həsənova əvvəlcə həkimlər səhvən görmə qabiliyyəti ilə bağlı problem diaqnozu qoyublar. Hüquqşünas iyunun 27-də Türkiyədə əməliyyat olunduqdan sonra vəziyyəti qəfildən pisləşdiyindən yenidən əməliyyat olunub, amma doğmalarını tanımamağa başlayıb.
Qaynarinfo.Az