Almaniyada mühacirətdə yaşayan sabiq millət vəkili Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yaxınlığındakı ofisinin uçurulması barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır. Hadisə noyabrın 18-də günorta saatlarında baş verib. Hazırda ərazidə sürətlə söküntü işləri aparılır.
Qeyd edək ki, Hüseyn Abdullayevə məxsus olan, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa, həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.
Yayılan xəbərlərdə o da göstərilib ki, sabiq millət vəkilinə məxsus ofisin əsas kirayəçisi “Əmrahbank” olub. Belə ki, “Əmrahbank”ın ofisi söküntü işləri aparılması nəticəsində uçan binada yerləşir.
Xatırladaq ki, ərazidə söküntü işləri aparılarkən Bakı meri Hacıbala Abutalıbov orada olub. Bildirilir ki, ofisin uçurulmasına birbaşa o nəzarət edib. Danışıqlardan sonra bank rəhbərliyinə köçmələri üçün bir həftə vaxt verilib.
Hadisə yerində olduğumuz zaman söküntü işlərinin başa çatdığını və ərazidə təmizləmə işlərinin aparıldığını müşahidə etdik. Bir hissəsi uçurulan ofisdə yerləşən “Əmrahbank” rəhbərliyi isə yayılan xəbərləri təkzib etdi. Bildirdilər ki, söküntü işlərinin onlara heç bir aidiyyəti yoxdur.
Adını öyrənə bilmədiyimiz bank rəhbərlərindən biri etirazını bu cür ifadə etdi: “Bu qədər yalan xəbər yazmaq olmaz. Kim nə deyirsə, onu yazırlar. Hazırda bankda işlər əvvəlki qaydada gedir. Bu söküntü işlərinin bizə aidiyyəti yoxdur”. Ofisin bir hissənin uçurulması və dəyən ziyanla bağlı suallarımızdan rəhbərlik yayındı. Hüseyn Abdullayevlə bağlı da sualımıza cavab verən tapılmadı. Banka girməyimizə icazə verilməsə də, söküntü işləri ilə əlaqədar elektrik naqillərinin kəsilməsi nəticəsində ofis işıq üzünə həsrət qalmışdı. Elektrik xətlərinin kəsildiyi açıq şəkildə görünürdü. Banka gələn müştərilər də dediklərimizi təsdiqlədilər. Onlar bankda işlərin dayandığını və elektrikin olmadığını bildirdilər.
Ərazidə aparılan geniş söküntü işləri ilə də maraqlandıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, plana düşən ərazi boş zona olub. Yalnız bağlı olan böyük obyektdən və azsayda ağaclardan başqa.
Fəhlələrlə söhbətimiz zamanı onlar ərazidə park tikiləcəyini söylədilər. Onu da qeyd etdilər ki, söküntü işləri başlayandan BŞİH-in başçısı Hacıbala Abutalıbov 3 dəfə əraziyə gəlib. Asılan böyük plakatın üzərində də park salınacağı xəbəri yazılmışdı.
Söküntü işlərinə rəhbərlik edən şəxslər BŞİH-in bilavasitə tapşırığı ilə ərazidə sakinlərin istirahət etmələri üçün park salınacağını diqqətimizə çatdırdılar. Onlar işlərin 3 gün ərzində bitəcəyini dedilər. Ərazidə gördüyümüz çoxlu sayda canlı qüvvə və texnikalar bu fikirləri sübut edirdi.
Sakinlər isə parkla əlaqədar ərazidə aparılan söküntü işlərindən narazı olduqlarını dilə gətirdilər. Buna əsas olaraq yaxınlıqdakı “Xocalı” parkını göstərdilər. Xankişi adlı şəhər sakini narazılığını bu cür ifadə etdi: “Gördüyünüz bu ərazidəki binalar 70-ci illərdə tikilmişdi. Möhkəmliyinə söz yox idi. Amma bir anda məhv etdilər. Guya ki, yerində park salacaqlar. Yaxınlıqda bir park var, digərinə nə ehtiyac? Bunun əvəzində yeni binalar tikib, evsiz olan insanları yerləşdirmək olmazdı? Bu xəbərə zərrə qədər inanmıram. Hansısa bir məmurun monopoliyasına çevrilən zona olacaq. İstədiyini quracaq. Əvəzində əziyyət çəkən sadə kütlə olacaq”.
Ərazidə çoxlu sayda asayiş keşikçilərinin olması aparılan işlərə ayrılan diqqətdən xəbər verirdi.
Sonda onu da xatırladaq ki, park salınması ilə bağlı plana düşən əraziyə “Əmrahbank” da daxildir. Bu isə yaxın günlərdə bu binanın tamamilə uçurulması anlamına gəlir. Ətrafındakı bütün tikililərin sökülməsi və hətta ofisin divarlarının söküntü zamanı zədələnməsi “Əmrahbank”ın gələcəyinin qaranlıq olmasından xəbər verir.
musavat.com








