Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri yaşadıqları ərazidə hökm sürən natəmizlik barədə Aktual.az-a şikayət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, qəsəbənin "Bağ evləri" yerləşdiyi ərazidə uzun zamandır, həllini tapmayan zibillik problem, artıq, durumu gərginləşdirib. Belə ki, yaşadıqları ərazidə əsl “zibil dağ”ına çevrilmiş bu mənzərə acınacaqlı vəziyyət yaradıb. Cavabdeh qurumlar isə heç bir tədbir görmür.
Qəsəbənin "Bağ evləri" adlandırılan ərazisinin mərkəzindən dəmiryol xətti keçir. Həmin yerlər zibillik məskəninə çevrilib. Ərazidə zibil qutuları qoyulmadığı üçün yaşayış evlərinin yanı zibilxanaya döndərilib. Sakinlərin bağ evlərindən qəsəbəyə gediş-gəlişi çətinləşib. Antisanitariyanın baş alıb getməsi, həşəratların və zibil qoxusunun yayılması yerli sakinləri təngə gətirib. Qəsəbə sakinləri bu problemin həll edilməsini istəyirlər.
Hövsan sakini Sahibə xanımın sözlərinə görə, günü-gündən zibilliyə çevrilən və bərbad vəziyyətə düşən ərazilərə baxan yoxdur: “Dəfələrlə Hövsan Bələdiyyəsinə, Mənzil Kommunal Təsərrüfat Birliyinə şikayətlər etsək də, məhəl qoyan yoxdu. Bir dəfə Mənzil İstismar İdarəsinin işçilərindən zibilli daşımaq üçün xahiş etdim. Hətta bunun üçün 300 manat hörmət edəcəyimi də bildirdim. Əksinə, həmin miqdarla kifayətlənməyib 500 manat istədilər”.
Gecə ora-bura hərəkət edən qatar “Zibil dağ”ıni parça-parça edərək, müxtəlif tərəflərə səpələyir. Həmçinin güclü külək zibil qalıqlarını yaşayış evlərinin həyətlərinə doldurur.
Şikayətçi onu da qeyd edib ki, zibillik məskəninin genişlənməsinin səbəbkarlarından biri də sakinlərin özləridir. Onlar məişət tullantılarını ətraf ərazilərdə qoyulan zibil qutularına ata bilərlər: “Saatlarla burada dayanıram. Başqa küçələrdə yaşayan sakinlər də zibillərini bura gətirib atırlar. Neçə dəfə xəbərdarlıq etmişəm”.
Qəsəbə sakini həmin ərazilərdə zibil qutularının qoyulmaması və məişət tullantılarının daşınmamasından gileylənib. O bildirib ki, neçə illərdir, sözügedən problem çözülmür. Aidiyyatı qurumlar bu vəziyyəti görməməzliyə vurur.
Qeyd edək ki, Hövsan qəsəbəsinin "Bağ evləri" deyilən ərazisinin digər küçələri də
eyni acınacaqlı durumdadır. Hava qaralandan sonra küçə itlərinin həmin zibilliklərdə eşələnməsi və məişət tullantılarının qoxusunun ətrafa yayılması sakinlərin narahatlığına səbəb olub.
Digər bir vətəndaş, Gulnar xanımın sözlərinə görə, zibillik ucbatından övladları hər gün məktəbə gedib gələ bilmirlər: “Baş alıb gedən bu natəmizlik gediş-gəliş yolunu kəsib. Hava qaralandan sonra azuqə axtarmaq üçün küçə itləri zibilliyin içərisinə doluşur. Qızım itlərin qorxusundan institutdan evə gələ bilmir. Hər gün atası qarşısına çıxır. Qoxudan evdə oturmaq olmur. Bir dəfə şikayət etdik. Gəlib 1 ədəd zibil qutusu qoydular. Vaxtında daşınması üçün aylıq 2 manat 40 qəpik ödəyirdik. Amma sonra gördük ki, zibil qutusunu aparıblar, yerində yoxdur”.
Qeyd edək ki, Hövsan qəsəbəsinin digər ayrı-ayrı küçələrində də mövcud vəziyyətə rast gəlinir. Əsas problem isə zibillərin günlərlə ortalıqda qalması, vaxtında daşınmamasıdır.
Maraqlı tərəf ondadır ki, zibil qutularının yerləşdirilməsi, tullantıların daşınması ilə dəqiq hansı qurumların məşğul olduğu da bəlli deyil. Bəzi hallarda bu işin Mənzil Kommunal İstismar Sahəsinin (MKİS), bəzi hallarda isə bələdiyyələrin öhdəliyində olduğu söylənilir.
Ümumiyyətlə, kimin bu işlə məşğul olmasından asılı olmayaraq, fakt budur ki, verilən qaydaya uyğun olaraq, hər 100 metrdən bir zibil qutusunun qoyulması, tullantıların daşınması tələbinə əməl olunmur. Aidiyyəti qurumlar da bu işi bir-birlərinin üstünə atmaqla yan keçirlər.
Məsələ ilə bağlı Hövsan Bələdiyyəsinin sədri Elbrus Xəlilov deyib ki, məişət tullantılarının daşınması ilə bələdiyyə məşğul olmur: “Bələdiyyə yerli icmadır. Bu işlə Hövsan qəsəbəsi üzrə Kommunal Xidmət İdarəsi məşğul olur”.
Sözügedən idarə ilə əlaqə qurmağa çalışsaq da, cəhdimiz baş tutmadı.
Qaynar.info








