İbadət ruhiyyəmizi gücləndirən ən mühüm amillərdən biri nəfsimizi tərbiyə etməkdir. Bunun özü 4 mərhələdə yerinə yetirilir:
Qaynarinfo.az deyerler.org-a istinadən bildirir ki, birinci mərhələ - müşaritədir. Bu mənada ki, insan özü ilə şərt kəsir ki, filan işi görsün və ya filan işi görməsin. Misal üçün özünə şərt qoysun ki, namazını əvvəl vaxtda yerinə yetirəcəkdir.
İkinci mərhələ - müraqibədir. Yəni, nəfsinin keşiyini çəkirsən ki, məbada əza və fikirlərini yanlış yola çəkər və ömrünü zay edər.
Üçüncü mərhələ - mühasibədir. Yəni, nəfsinin hesabını çəkirsən. Gecə yatağımıza uzanmazdan əvvəl gün ərzində etdiklərimizin hesabını çəkək.
Dördüncü mərhələ - təzkiyədir. Yəni, nəfsini zərər edəndə və mənfəət kəsb etməyəndə məzəmmət edirsən. Nəfsini cəzalandırırsan, misal üçün oruc tutursan.
Bundan başqa, insanın ibadət ruhiyyəsini qaldıran başqa amillər vardır ki, onları tanıyaq:
1. Allahın xəlqinə ehsan etmək. İnsan üçün ibadət ruhiyyəsini gücləndirən amillərdən biri də insanlara yaxşılıq və ehsan etməkdir, xüsusilə də valideynlərə.
2. Mənəvi dosta malik olmaq. Əgər dostun təqvalı və dindardırsa, bil ki, səni səadətə tərəf hidayət edəcəkdir. Dostlar bir-birinə o qədər yaxın olar ki, bir-birinin mənəviyyatına, rəftar və əməllərinə təsir qoyarlar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın din və yolu, səmimi dostun məzhəbi və yolu kimi olar".
3. Ölümü yada salmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bilsə ki, dostlarından ayrılacaq və torpaqda sakin olacaqdır, hesabla üzləşəcəkdir, yaxşı olar ki, dünyadan ümidini kəssin və əməlini gözəl etsin".
4. Allahı yada salmaq. Quran oxumaq və Allahı zikr etmək insanın ibadət ruhiyyəsini yüksəldər. Həzrət Peyğəmbər (s) Quran oxumaqla bağlı buyurur: "Həqiqətən bu qəlblər pas bağlayar. Günah sayəsində çirklənər. O şey ki, onlara cila verər və çirklərini aradan aparar - Quran oxumaqdır".
5. Ətraf mühit. Yaşadığımız mühitin bizim ibadət ruhiyyəmizə birbaşa təsiri vardır. Əgər yaşadığımız mühiti günahdan uzaqlaşdıra bilsək və mənəvi məclislərdə iştirak etsək, ibadət ruhiyyəmizi qaldıra bilərik.
Qaynarinfo.az