Xəbər lenti

İcbari tibbi sığorta - vətəndaşın sağlamlıq qarantı - ARAŞDIRMA
Ölkə10:04 29.11.2013

İcbari tibbi sığorta - vətəndaşın sağlamlıq qarantı - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

II yazı

Azərbaycanın 2020-ci ilə qədərki inkişaf strategiyası konsepsiyasında mühüm vəzifələrdən biri də səhiyyə sisteminin icbari tibbi sığortaya keçməsidir. Bu qanunun tətbiqi ölkəmizin səhiyyə sisteminin inkişafına xidmət edəcək.
 
Bəs vətəndaşlar üçün tamamilə yeni olan icbari tibbi sığorta nədir?

Sadə dillə desək, bu, daha çox vətəndaşların mənafeyinə yönəlmiş, onları müvafiq tibbi sığorta proqramı çərçivəsində keyfiyyətli tibbi xidmət göstərilməsi və dərman preparatları ilə təmin edilməsidir. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir: 1999-cu ildə Milli Məclis tərəfindən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2007-ci ildə isə, qanuna əlavə və dəyişikliklər edilib.
 
Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasını Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün maneələr aradan qaldırılmaq üzrədir.

Bu sistem tətbiq olunduqda tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki bu sistemin tətbiqi ilə bu prosesdə iştirak edən tərəflərin də maraqları artacaq. İcbari tibbi sığorta səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması olacaq. İşə götürən müəssisə icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olacaq.

İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə, əlavə vəsaitlərin xərclənməməsinə çalışacaq. Səhiyyə müəssisəsinin marağı isə yaxşı, keyfiyyətli tibbi xidmət göstərmək olacaq. O, çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibbi müəssisə kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisəslərinə üstünlük verməsin.

Nəticədə isə bu sistemin tətbiqindən tərəflərin hər biri fayda götürəcək və "udacaq". Bu sistemin tətbiqi dövlətin də "udmasına" səbəb olacaq. Çünki ölkədə göstərilən keyfiyyətli tibbi xidmətlərin sayı artacaq, dövlətin səhiyyə sektoruna ayırdığı xərclər ilbəil azalacaq. Səhiyyə xərclərinin maliyyələşdirilməsinin böyük bir hissəsi işəgötürənlərin hesabına icbari tibbi sığorta şirkətləri tərəfindən həyata keçiriləcək. Ən əsası əhalinin sığorta hesabına tam olaraq tibbi xidmətdən yararlanaraq sağlam olması dövlətə olan sevgini və rəğbəti artıracaq. Sistemdən ən çox faydalananlar isə əhali, başqa sözlə, xəstə şəxslər olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək.
 
Azərbaycanda tətbiq ediləcək yeni icbari tibbi sığorta sistemi üç mənbədən maliyyələşdiriləcək. Həmin mənbələr dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri olacaq. Dövlət əhalinin müəyyən təbəqəsini icbari tibbi sığorta ilə təmin edəcək. Bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxil olacaq. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığorta edə biləcəklər. Tibbi sığortanın tətbiqi zamanı hansı paketlərdən istifadə ediləcəyi müqavilələrdən, icbari tibbi sığorta xidmətinin göstərəcəyi şərtlərdən və ayırmalardan asılı olacaq.

Bu xidmətin tətbiqi sayəsində səhiyyə müəssisələri öz pasiyentləri ilə birbaşa "pul" münasibətlərinə girməyəcək. Xəstəxana sadəcə, öz xidmətlərini göstərəcək. Bunun müqabilində sığorta şirkətləri onlara xidmət haqlarını ödəyəcək: "Bu sistemin digər ən böyük effekti odur ki, insanlar istənilən anda pul, maliyyə sıxıntısı çəkmədən müalicə oluna biləcəklər. Bu gün Azərbaycanda insanlar bir çox hallarda həkimə getməkdən çəkinirlər. Çünki fikirləşirlər ki, yaranan xərcləri necə ödəyəcəklər. Buna görə də xəstələr vəziyyətləri ağırlaşanda həkimə getməyə məcbur olurlar. Bu qanun icra edildikdən sonra hər kəsin tibbi sığortası olacaq. Bu da ümumilikdə əhalinin sağlamlaşmasına gətirib çıxarır. Əgər insanların səhhətində problemlər yoxdursa, bu, özü ölkənin rifahının yüksəlməsinə gətirib çıxaran amillərdəndir".

İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını artıracaq, sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsi yaradacaq. İcbari tibbi sığortanın tətbiqi sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq. Eyni zamanda, səhiyyə sektorunda canlanmaya gətirib çıxaracaq. Bu sistem dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemini inkişaf etdirdiyi kimi, Azərbaycan səhiyyə sistemini də inkişaf etdirəcək.

Vüqar Şahbazlı
Tibbi sığorta üzrə mütəxəssis
AMEA-nın dissertantı