İçərişəhərdə yaşayış evlərinin həyətində ipdən asılmış köynəyi və 67 yaşlı şəxsin telefonunu oğurlayan şəxslərə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə Bakı şəhərində anadan olan Elnur və 1987-ci ildə Şəmkirdə dünyaya gələn Bilal adlı şəxslər İçərişəhərə gəzmək adı ilə daxil olublar. Onlar Qəsr küçəsi ilə hərəkət edən zaman yaşayış binasının həyət qapısının açıq olduğunu görüb ora daxil olublar. Elnur həyətdə ipdən asılmış bir ədəd kişi köynəyini götürüb geyinməsi üçün Bilala verib.
Həmin vaxt onlar 67 yaşlı Aleksandr Saprıkinin həyətdəki qırmızı rəngli divanın üzərində oturaraq, telefonda kinoya baxdığını görüblər. Aleksandr Saprıkinə yaxınlaşaraq siqaret istəyiblər. Lakin o, boş siqaret qutusunu göstərib. Bundan sonra Elnur və Bilal 67 yaşlı şəxsin mobil telefonunu götürüb qaçmaq qərarına gəliblər. Elnur ətrafı müşahidə etmək məqsədi ilə qapının yanında dayanıb, Bilal kişiyə yaxınlaşaraq, mobil telefonunu əlindən dartıb alıb. Onlar birlikdə qaçaraq oradan uzaqlaşıblar.
Elnur və Bilal metronun İçərişəhər stansiyasında qatara minib "Qara Qarayev” stansiyasına gediblər. Daha sonra Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki evə yollanıblar.
Həmin gün onlar evdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıblar.
Məhkəmənin qərarı ilə Elnur əvvəlki cinayət əməlləri də toplanmaqla 3 il 6 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Eyni əməlləri törətdiyinə görə Bilala 2 il 10 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Əhməd
Şərhlər