Abşeronda içkili halda sərnişin avtobusunun şüşəsini sındıran şəxslə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Beyləqan rayonunda anadan olmuş Xalid H. hadisəyə görə saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Xalid H. hadisədən bir gün əvvəl, yəni 5 fevral 2025-ci il tarixdə həddindən artıq dərəcədə spirtli içki qəbul edib. 6 fevral 2025-ci il tarixdə, təxminən saat 09.00-10.00 radələrində Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusa minib. O, spirtli içki qəbul etdiyindən ətrafda narahatçılığa səbəb olub, sürücü ondan avtobusu tərk etməsini tələb edib və onların arasında mübahisə yaranıb. Xalid əsəblərini cilovlaya bilməyərək, yumruqla avtobusun sağ yan şüşəsini vuraraq sındırıb.
O, əməlindən peşman olduğunu, baş vermiş hadisəni içkinin təsiri altında törətdiyini bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə Xalid H. 75 manat cərimə edilib. O, məhkəmə zalından dərhal azad olunub.
Aydın
Şərhlər