
Cəlilabaddakı üzüm bağları uğrunda yeni nazirlə icra başçısı arasında konflikt yaranıb.
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovla dil taparaq üzüm bağları və bu sahəyə aid olan biznesini genişləndirən icra başçısı Əziz Əzizov yeni nazir Heydər Əsədovla anlaşa bilmir. Belə ki, Fərhad və Rafiq Əliyev qardaşlarının həbsindən sonra onlara məxsus 150 hektara yaxın üzüm bağları müəyyən şəxslərin dəstəyi ilə icra başçısı Əziz Əzizovun nəzarətinə keçib. İcra başçısı dövlət fonduna aid olan torpaqları və bağları uzunmüddətli müqavilə ilə özünə yaxın şəxslərin adına sənədləşdirərək şəxsi təsərrüfat sahələrini bir qədər də genişləndiririb.
Qaynar.info-nun məlumatına görə, bunu bizimxeber.az saytı yazıb. Saytın yaydığı məlumatda bildirilir ki, ümmumiyyətlə, Ə.Əzizovun nəzarətində, üzüm bağları ilə yanaşı məhsuldarlığı bol olan nar bağları və kartof sahələrinin olduğu iddia edilir.
Məlumatda qeyd olunur ki, Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən çıxması Ə.Əzizovu bərk narahat etsə də, Əliyev qardaşlarının ölkəni tərk etməsi vəziyyəti sabitləşdirib. Beləliklə, icra başçısı gözdən pərdə asmaq üçün əkdirdiyi üzümlərin bir hissəsini şərab zavodlarına satdırır. Daha çox hissə üzüm isə Babaxanlı və Cəfərli kəndlərində yerləşən şəxsi təsərüfat sayılan mini şərab sexinə verilir.
Ən acınacaqlı hal bu sexlərdə standartlara uyğun olmayan şərab və araq istehsal olunduğu barədə məlumatların olmasıdır ki, həmin şərablar müxtəlif adlarla Cəlilabad, Neftçala, Salyan və başqa rayonların mağazalarına, şadlıq saraylarına satılır.
Elə isə maraqlıdır ki, bu sexlərdə istehsal edilən şərab və araqlara hansı aksiz markaları vurulur? Fakt kifayət qədər ciddi olduğu üçün araşdırmaya ehtiyac yaranıb. Odur ki, araşdırmalardan sonra daha dəqiq məlumatlar verəcəyik. Hər halda Azərbaycanda saxta markalarla istehsal olunan bütün məhsullara görə, qanunda cinayət məsuliyyəti nəzərdə tutulur.
Məlumatda icra başçısının təsərrüfatına ən yaxın qohumlarından birinin nəzarət etdiyini qeyd edilir. Belə ki, Ə.Əzizov eyni zamanda hər il Rusiyaya vaqonlarla nar göndərir. Cəlilabad rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı soyuducularında saxlanılan üzüm və narın demək olar ki, hamısı icra başçısının nəzarətində olan şəxslərə məxsus olduğu deyilir.
Sayt daha sonra qeyd edir ki, yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişi ilə bütün rayonlarda nazirliyə məxsus obyekt və torpaqlarda kimlərin hansı işlərlə məşgul olması araşdırılıb. Cəlilabaddakı üzüm bağlarının kimin nəzrətində olması və bu məhsulların haraya və necə satılmasının araşdırılması zamanı ciddi problemlər yaranıb. Məlum olub ki, üzüm bağlarının məhsuldarlığı rəsmi sənədlər üzərində göstəriləndən daha çoxdur. Elə isə bu üzümlər hara satılır və onlardan nə kimi istifadə olunur? Təbii ki, yeni nazir bu qədər gəlirli sahənin Ə.Əzizovun nəzarətində qalması ilə razılaşmayacaq və qanunların imkan verdiyi qədər bu bağları nəzarətə götürəcək.
İcra başçısı da öz növbəsində bağları ititrməmək üçün ciddi mübarizəyə başlayıb. Bu isə nazirlə icra başçısı arasında yeni konfliktə gətirib çıxarıb.Yəqin ki, Ə.Əzizov əlindəki üzüm bağlarını itirəcək. Çünki qanunla bağlar Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Bu bağlardan gələn milyonlar isə dövlətin yox, icra başçısı və ya onu himayə edənlərin cibinə axır, - deyə sayt yazır.
Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Qaynar.info