Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid qardaşı Xəyyam Salmanzadəni məhkəməyə verib.
Bu barədə Qaynarinfo-ya Xəyyam Salmanzadənin özü məlumat verib. Şəhid qardaşının sözlərinə görə, bir müddət əvvəl Vaqif Həsənov icra hakimiyyətində keçirdiyi iclas zamanı onu təhqir edib.
"O, iclasda üzünü Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Fəzail adlı şəxsə tutaraq haqqımda təhqiredici ifadələr işlədib. Mən məsələni aydınlaşdırmaq üçün icra başçısı ilə görüşməyə cəhd etsəm də, mümkün olmadı. Başçının mənimlə görüşməkdən imtina etməsi isə yayılan söz-söhbətin əsassız olmadığını göstərdi”, deyə Xəyyam Salmanzadə bildirib.
Şəhid qardaşı bildirib ki, bundan sonra o Vaqif Həsənovun bu hərəkəti haqqında ölkə rəhbərliyinə müraciə etdib: "İcra başçısı buna cavab olaraq məni xüsusi ittiham qaydasında məhkəməyə verib. İş Ağdam rayon Məhkəməsində hakim Mahir Niftəliyevin icraatına verilib".
Xəyyam Salmanzadənin sözlərinə görə, Mahir Niftəliyevlə Vaqif Həsənov arasında dostluq münasibətləri var: "Mən işin Ağdam rayon Məhkəməsində aparılmasına etiraz olaraq, vəsatət göndərmişəm. Vəsatətimi də bununla əsaslandırmışam ki, icra başçısının rayon məhkəməsinin hakimləri ilə davamlı ünsiyyəti var. Tədbirlərdə, bir-birlərinin xeyir-şər işlərində iştirak edirlər. Bundan əlavə, işimi aparan hakim Mahir Niftəliyevin Ağdamın icra başçısı Vaqif Həsənovla dostluq münasibəti var”.
Şəhid qardaşı əlavə edib ki, artıq baxış iclası təyin edilib. O, vəsatətin təmin edilməsini, məhkəmənin başqa bir rayonda keçirilməsinin təmin edilməsini istəyir.
"Son ümidim ölkə rəhbərliyinədir"- deyə o, bildirib.
Seyid
Şərhlər