
Lerik rayonunun Peştətük kəndində məscidin sökülməsinə qərar verilib.
Bu barədə Qaynar.info-ya Peştətük kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə sözlərinə görə, Rayon İcra Hakimiyyəti kənddə məscidin tikilməsinə mane olub: "Kənd ağsaqqalları üç il bundan qabaq Peştətükdə həm kənd sakinlərinin, həm də turist qismində buraya gələn müsəlmanların ibadət etmələri üçün kəndin mərkəzində, heç kimə mane olmayan bir yerdə məscid tikmək qərarına gəldilər. Bu məqsədlə əlaqədar sakinlər kənd bələdiyyəsindən müvafiq torpaq sahəsi almış və tikintinin başlanması üçün bir neçə dəfə Lerik rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin bu müraciətlərdən xeyli müddət keçməsinə baxmayaraq, Lerik rayon İH məscidin tikintisinə icazə ilə bağlı nəinki Azərbaycan Respublikası Dini İşlər üzrə Komitəsinə müraciət etməyib, əksinə kənd sakinlərinin qanuni istəklərinin reallaşmasına kömək etmək əvəzinə bilə-bilə maneçiliklər törədir".
Sakinlər bildiriblər ki, icra başçısı Rövşən Bağırov yarımçıq tikilmiş məscidin sökülməsinə qərar verib: "Peştətük kənd əhalisi şəxsi vəsaitləri hesabına 3 il bundan əvvəl aldıqları xeyli miqdarda tikinti materallarının yağış və qar altında xarab olduğuna görüb, bələdiyyədən aldıqları yerdə məscidin tikintisinə başlamaq məcburiyyətində qalıblar. Lakin Lerik rayon İH başçısı Rövşən Bağırov məscidin tikintisinin başa çatmasına az qalmış onun sökülməsinə əmr verib".
Kənd sakinlərinin sözlərinə görə, Peştətük kənd sakinləri məscidin sökülməməsi xahişi ilə Lerik rayon İH başçısı R. Bağırovun qəbulunda olsalar da, o, fikrindən dönməmiş və qəti şəkildə tikilinin sökülməsinə sərəncam verib.
Bundan sonra onlar sakinlər Peştətük kəndinin məscidinin sökülməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadəyə müraciət edərək kömək istəyiblər.
Qaynar.info