
“Mən icra hakimiyyətinə müraciət edəndə dedilər ki, evinizə oğru girib”
“2010-cu ildə Salyan rayonunda “Plassmas” qəsəbəsinin daxilində yeni salınmış şəhərcikdə 150 yaşayış evi tikilib və imkansız rayon sakinlərinin istifadəsinə verilib. Həmin vaxt evlərin tikintisinə rayonun deputatı Əlağa Hüseynov ciddi nəzarət edirdi. Evlər əhaliyə paylanarkən təmirsiz olub. Kimin maddi imkanı olubsa, evini təmir etdirib yaşayıb. İmkanı olmayanlar isə evlərinə köçə bilməyiblər. Bu problem hələ də qalmaqdadır”.
Bu barədə Qaynar.info-ya Salyan rayon sakini Yeganə Pirəliyeva məlumat verib. Onun sözlərinə görə, istifadəyə verilmiş evə köçmədiyinə görə dəfələrlə icra nümayəndələri tərəfindən sıxışdırılıb: “Mənə deyirdilər ki, evinə köçməsən, əlindən alacağıq. Axı təmirsiz evə necə köçüm? Mən də onlara dəfələrlə demişəm ki, təmir edin, gedib yaşayım. İcra nümayəndələri deyirdilər ki, evi sakinlər özləri təmir etdirməlidir. Belə göstəriş verilib, belə də tikilib. Heç bir evdə kanalizasiya sistemi qurulmayıb. Hamısı sakinlər özləri düzəldiblər. Ölkə başçısı regiona səfəri zamanı bir-iki evi təmir etdirib, gözdən pərdə asdılar. İcra nümayəndələrinin dediklərini nəzərə alıb imkanımız çatan qədər evi təmir etdirirdik. Amma icra nümayəndələri bununla kifayətlənmədilər. Ötən ilin dekabrında eşitdik ki, boş qalan evlərə başqa sakinləri yerləşdiriblər. Həmin sakinlər evə sadə yolla deyil, qapını qırıb giriblər. Mənə evə zorla girənlərlə danışıqlar zamanı məlum oldu ki, onlara göstərişi Rayon İcra Hakimiyyəti verib. Bu işlərə isə nəzarət icra hakimiyyətinin hüquq işlərinə nəzarət edən Elman Hənifəyevə tapşırılıb. Mən icra hakimiyyətinə müraciət edəndə dedilər ki, evinizə oğru girib. Get, zor tətbiq et, çıxar evdən. Bu, əhalini qarşı-qarşıya qoymaqdır. Sonra mənə “məhkəməyə müraciət edin” dedilər. Məhkəməyə müraciət etdim. Bir neçə həftə öncə Elman Hənifəyev bizə sənəd təqdim etdi. Mənə təqdim edilən sənəddə icra hakimiyyətinin möhürü olsa da, icra başçısı Tahir Kərimovun imzasının olmadığını gördüm. Bu məsələyə də gülünc bəhanə gətiriblər, guya kserokopiya ediləndə imza düşməyib. Görünür, ya icra başçısının adından istifadə edilir, ya da o, özü göstəriş verib. Bu sənəddə göstərilir ki, ev “qapıqıran”lara verilir. Bəs nə oldu, evə oğru girmişdi? İndi icra başçısı oğruya yaşamaq hüququ verdi?! Sakinləri niyə üz-üzə qoyurlar ki. Bunu əvvəlcədən deyə bilmirdilər ki, evi başqasına vermək haqqında icra hakimiyyətinin qərarı var?! Əsas da gətirirlər ki, 2012-ci il qərarına əsasən evdə yaşamayanlar qovulur. Axı siz nə vaxt evi təmir etdirdiniz ki, biz evlərimizə yığışmadıq. Kim istəyər öz evi ola-ola kirayədə yaşasın. Məhkəmənin də qərarı “qapıqıranlar”ın xeyrinə oldu. Bütün sənədlər mənim adıma ola-ola qərar onların xeyrinə necə çıxa bilər?!”.
Şikayətçi evin təmirinə xərclədiyi pulun havaya sovrulduğunu deyib: “Həyətə bir neçə KaMAZ torpaq tökdürmüşəm, kanalizasiya sistemi quraşdırmışam. Çünki şəhərcikdəki evlərin bir neçəsi çökəkdə olduğundan yazda qurunt suları yığılırdı. Döşəmənin, tavanın vurulmasında ustalara xeyli pul vermişəm. Pul verməsəydim, heç onu da etməyəkdilər. Sənəd işlərinə xeyli pulumuz çıxıb. Pulun miqdarı təxminən 1300 manatdan çoxdur. Bəs, bu pullar hara getdi. Heç olmazsa, pulumuz versinlər. Belə özbaşınalıq olmaz. Nə iş görürlərsə, rayon icra başçısının adından istifadə edirlər. Bununla bağlı prezidentdə də müraciət etdim. Mənə verilən məlumata görə, məktubun cavabı icra hakimiyyətinə gəlib. Amma heç buna da məhəl qoymadılar. Sonda deyim ki, bu təkcə mənə qarşı olmayıb, bir neçə sakinə qarşı bu addım atılıb. Nəzərinizə çatdırım ki, orada icra nümayəndələrinə də məxsus evlər var və təbii ki, onlara toxuna bilməzlər”.
Məsələ ilə bağlı Salyan rayon İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Rəşad Cəbrayılovla əlaqə saxladıq. O, Qaynar.info-ya açıqlamasında bu məsələdən xəbərsiz olduğunu və açıqlama verə bilməyəcəyini dedi: "Məsələdən xəbərim yoxdur, bu barədə heç nə deyə bilmərəm".
İcra başçısının birinci müavini Etibar Hüseynov da tədbirdə olduğunu əsas gətirərək açıqlama verə bilməyəcəyini bildirdi.
İlkin
Qaynar.info