Şikayətçi məsələ ilə bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edəcəkBir müddət öncə Salyan rayon sakini Yeganə Pirəliyevanın prezidentə yazdığı məktub əsasında ona verilmiş evin rayon icra hakimiyyəti tərəfindən geri alınması ilə bağlı şikayət məktubunu dərc etmişdik. Şikayətçi bu gün redaksiya ilə əlaqə saxlayaraq evin sənədlərinin sürətini təqdim edib.
Şikayətçi Pirəliyeva məktubunda qeyd edir ki, prezident tərəfindən ona verilən evə köçə bilmədiyinə görə icra başçısı evi başqasına verib: “2010-cu ildə Salyan rayonunda Heydər Əliyev Fondu tərəfindən "Plassmas” qəsəbəsinin daxilində yeni salınmış şəhərcikdə 150 yaşayış evi tikilib və imkansız rayon sakinlərinin istifadəsinə verilib. Həmin vaxt evlərin tikintisinə rayonun indiki deputatı Əlağa Hüseynov ciddi nəzarət edirdi. Evlər əhaliyə paylanarkən təmirsiz olub. Kimin maddi imkanı olubsa, evini təmir etdirib yaşayıb. İmkanı olmayanlar isə evlərinə köçə bilməyiblər. İcra nümayəndələri mənə deyirdilər ki, evinə köçməsən, əlindən alacağıq. Axı təmirsiz evə necə köçüm? Mən də onlara dəfələrlə demişəm ki, təmir edin, gedib yaşayım. İcra nümayəndələri deyirdilər ki, evi sakinlər özləri təmir etdirməlidir. Belə göstəriş verilib, belə də tikilib. Ölkə başçısı regiona səfəri zamanı bir-iki evi təmir etdirib, gözdən pərdə asdılar. İcra nümayəndələrinin dediklərini nəzərə alıb imkanımız çatan qədər evi təmir etdirirdik. Amma icra nümayəndələri bununla kifayətlənmədilər. Ötən ilin dekabrında eşitdik ki, boş qalan evlərə başqa sakinləri yerləşdiriblər. Həmin sakinlər evə sadə yolla deyil, qapını qırıb giriblər. Mənə evə zorla girənlərlə danışıqlar zamanı məlum oldu ki, onlara göstərişi Rayon İcra Hakimiyyəti verib. Bu işlərə isə nəzarət icra hakimiyyətinin hüquq işlərinə nəzarət edən Elman Hənifəyevə tapşırılıb. Mən icra hakimiyyətinə müraciət edəndə dedilər ki, evinizə oğru girib. Get, zor tətbiq et, çıxar evdən. Bu, əhalini qarşı-qarşıya qoymaqdır. Sonra mənə “məhkəməyə müraciət edin” dedilər. Məhkəməyə müraciət etdim. İş əvvəldən qurulduğundan məhkəmə də qarşı tərəfin xeyrinə qərar çıxardı. Burada əsas da gətirirlər ki, gətirirlər ki, 2012-ci il qərarına əsasən dövlət tərəfindən verilən evlərdə yaşayış olmayanda başqasına verilir. Axı siz nə vaxt evi təmir etdirdiniz ki, biz evlərimizə yığışmadıq. Kim istəyər öz evi ola-ola kirayədə yaşasın. Gəlib yaşayış şəraitimlə də tanış ola bilərlər. Özləri o zaman müəyyən edərlər ki, kimin evə ehtiyacı var. Bütün sənədlər mənim adıma ola-ola qərar onların xeyrinə necə çıxa bilər?! Xeyli pulum da batdı. Evi tikintisindən başlayaraq indiki vəziyyətinə qədər 1300 manatdan çox pul xərcləmişəm. Bəs, bu pullar hara getdi?!”.
Şikayətçi məsələ ilə bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edəcəyini deyir.
Xatırladaq ki, məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov və İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Rəşad Cəbrayılovla əlaqə saxlamışdıq. Onlar bu barədə məlumatsız olduqlarını deyərək açıqlama verməkdən imtina etmişdilər.
Onu da qeyd edək ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdur.
Cavid
Qaynar.info

