
İcra başçısı Akif Səlimov Laçın rayonunun tabeçiliyində olan məktəblərdən aylıq xərac yığır.
Son dövrlər mətbuatda Laçın rayonundan xeyli sayda şikayətlər yayımlanır. İcra başçısı Akif Səlimovdan tutmuş, yerli təhsil şöbəsinə qədər bütün istiqamətləri əhatə edən bu şikayətlərin kökündə isə çoxlu sayda qanunsuz fəaliyyətlər dayanır.
Aktual.az-ın elektron poçtuna daxil olan məlumat da məhz bu rayonda təhsil sahəsində görülən işlər və bu işlərlə büdcədən yeyilən pullarla bağlıdır.
Adının açıqlanmasını istəməyən Laçın rayon sakininin sözlərinə görə, icra başçısısının göstərişi ilə rayonun ümumtəhsil məktəbləri və məktəbdənkənar tərbiyə müəssisələrinin hər birinin üzərinə aylıq qeyri-qanuni ödənişlər qoyulub. Rayonun təhsil müəssəsələrində olan “yığım” işinə isə icra başçısına yaxınlığı ilə bilinən təhsil şöbəsinin müdiri Malik Vəliyev baxır.
Mənbənin sözlərinə görə, rayonun tabeçiliyində olan 121 ümumtəhsil məktəbində rəsmi olaraq 10158 şagirdin oxuduğu deyilsə də bu heç də belə deyil. Belə ki, məktəblərdə elə siniflər varki orada cəmisi 5-6 şagird oxuyur. Adı qeydiyyata alınan şagirlərin isə böyük əksəriyyəti dərslərdə iştirak etmir və onların çoxu ali məktəblərə hazırlaşdıqları üçün məktəbin yolunu belə tanımırlar.
İcra başçısı və təhsil şöbəsinin müdirinin Azərbaycan təhsilinə vurduğu zərbələr bununla bitmir. Mənbə deyir ki, rayon üzrə 121 ümumtəhsil məktəbində 1954 müəllimin çalışması ilə bağlı rəsmi məlumatlar da təhrif edilir. Belə ki, ucqar rayonlarda yerləşən məktəblərdə cəmisi 3-4 müəllim kontingenti çalışır. Ancaq rəsmi olaraq həmin məktəblərdə 10-dan çox müəllimin çalışdığı göstərilir. Məhz direktorların işbazlığının nəticəsi olaraq Coğrafiya fənnindən dərs deyən müəllim eyni zamanda bir neçə öz ixtisasına aid olmayan fənlərdən də dərs deyir.
Adı siyahıda olan, ancaq özü olmayan müəllimlərin maaş kartları isə direktorlarda olur ki, onlar da dövlət büdcəsindən mənimsənilən pullardan təhsil şöbəsinin müdiri Malik Vəliyevə haq verirlər. Malik Vəliyev də öz növbəsində “təhlükəsizliyini” təmin etmək üçün bu məbləğlərin əksəriyyətini rayon icra başçısı Akif Səlimova ötürür.
Özünü Laçının icra başçısı Akif Səlimov kimi təqdim edən şəxs Aktual.az-ın redaksiyasına zəng edərək saytın əməkdaşlarını təhqir və təhdid edib. İcra başçısı deyib ki, mən polis rəisi işləmişəm, lazım olanda kiminsə qulağından tutub başa salmişam. Özünü Akif Səlimov kimi təqdim edən şəxsin səs yazısı qeydə alınıb və sayta yerləşdiriləcək.
Laçın Təhsil Şöbəsinin müdiri Malik Vəliyev isə Aktual.az-a açıqlamasında qeyd edib ki, saytın elektron poçtuna göndərilən məktubda yazılanlar doğru deyil: “Bu Laçın təhsilinə qara yaxmağa çalışan bədxahların işidir. Laçın təhsilində kifayət qədər uğurlu işlər görülüb, nailiyyətlər əldə olunub. Hərbi vətənpərvərlik mövzusunda təşəbbüslər irəli sürülüb, tədbirlər keçilib. Bütün bunları gözü götürməyən insanlar var. Bizlərə qara yaxmağa çalışırlar. Keçən il orta məktəbi bitirənlərin 64 faizi ali təhsil müəssisələrinə daxil olub. Bir daha deyirəm ki, yazılanların heç bir əsası yoxdur”.
Qaynar.info