
Şamil Şamilov: “Məhkəmələr də Süleyman Mikayılovun saxtakarlıqların hüquqi qüvvəyə mindiriblər”
“Mağazanın tikintisinə bazarın, bazar rəhbərliyinin heç bir vəsaiti xərclənməyib. Tikinti Qaradağ rayon İcra Hakimiyyətinin keçmiş başçısının sərəncamı əsasında, şəxsi vəsaitimizlə aparılıb. Ancaq indiki başçı Süleyman Mikayılov ailəmizə məxsus olan həmin mağazanı Hüseyn Qasımov adlı bir nəfərin adına özəlləşdirib. Məhkəmələr isə bu saxtakarlığı öz qərarları ilə hüquqi qüvvəyə mindiriblər”.
Sahibkar Şamil Şamilov ailəsinə məxsus olan və Lökbatan qəsəbəsində yerləşən ticarət obyektinin əlindən zorla alınaraq başqasına verilməsindən danışır. Onun dediyinə görə, qəsəbədə kolxoz bazarının qarşısındakı ticarət cərgəsində yerləşən mağazaya görə neçə ildir ki, aşağı məhkəmələrdən tutmuş yuxarı instansiya məhkəməsinə qədər döymədiyi qapı qalmayıb.
"Bizim obyektin bazara aidiyyəti yoxdur"
“Bu il martın 31-də Ali Məhkəmə kassasiya şikayətimə baxdı. Təəssüflər olsun ki, bu məhkəmə sonuncu ümidlərimizin də üstündən xətt çəkdi. Bir məhkəmə təsdiqləyir ki, obyekt sizindir, haqlısınız. O biri məhkəmə bunu inkar edir. Bizim ailəmizə məxsus olan mağazanın bazara heç bir aidiyyəti yoxdur. Həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərib. Onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyəti başçısının 1994-cü ildə verdiyi sərəncam olub. 2000-ci ildə isə icra başçısının başqa sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin bizim adımıza keçirilməsinə icazə verilib. Göründüyü kimi, mağaza fiziki şəxsin əmlakıdır, dövlət əmlakı deyil. Məhkəmələr mağazanın bizim şəxsi mülkiyyətimizdə olmasını təsdiq edən sənədlərə, başqa dəlillərə məhəl qoymur”, - deyir sahibkar.
Qaradağ rayon İcra Hakimiyyətinin baş memarı Naiq Səmədov məhkəmədə bildirib ki, rayon icra hakimiyyəti tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılıb. Orada 11 nəfərə mağaza tikintisi üçün torpaq sahəsi ayrılıb. Şamil Şamilova da ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir.
Ticarət obyekti adına sənədləşmiş Hüseyn Qasımov həmin ticarət cərgəsindəki mağazaların bir hissəsini əvvəlki sahiblərinə qaytarsa da, qalan hissəsini bir yaxın qohumunun adına keçirib. Şamil Şamilovun mağazası da geri qaytarılmayan obyektlərin siyahısındadır.
“Necə ola bilər ki...”
"Necə ola bilər ki, eyni ticarət cərgəsində olan mağazaların bir hissəsi sahiblərinə qaytarılır, bizə məxsus mağaza isə qaytarılmır? 12 ildən yuxarı bir müddət ərzində işlətdiyimiz mağaza bazara məxsus idisə, necə ola bilər ki, biz bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlamamışıq və heç bir icarə haqqı ödəməmişik? Əksinə, vergilər idarəsində fiziki şəxs kimi uçota durub fəaliyyət göstərmişik. Bütün bunlar bir daha təsdiq edir ki, mağaza bizim şəxsi mülkiyyətimiz olub, bazara məxsus olmayıb", - Şamil Şamilov bildirir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəkili Esmira Hüseynova və nümayəndə Lalə Hüseynova Şamil Şamilovun Ali Məhkəmədə kasasiya şikayətinə baxılarkən əvvəllər Şamil Şamilova məxsus olmuş, sonradan başqasına satılmış ticarət obyektinin alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş ediblər. Lakin Ali Məhkəmə sonda qərar çıxararkən tərəflərin məhkəmədəki çıxışlarını nəzərə almayıb. Bu qərarı ilə də Şamil Şamilovu məxsus olduğu ticarət obyektindən məhrum edib.
Prezidentə müraciət
Şamil Şamilov sahibkarlıq hüquqlarının bərpa olunması üçün Prezidentə müraciət edib. O, dövlət başçısından sahibkarların əmlakının əllərindən alınması probleminə diqqət yetirməsini xahiş edir. Lökbatan qəsəbəsi, 28 may küçəsindəki 15 saylı kolxoz bazarının cərgəsində olan ticarət obyektlərinin sahibləri əmlaklarının əllərindən çıxması ilə əlaqədar məhkəmələrə müraciət ediblər. /bizimyolinfo.com/