
Ağdamın rəhbəri Nizami Sadıqov maliyyə yoxlamalarından şoka düşüb
Ağdamın icra başçısı Nizami Sadıqov dünən ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Bu barədə jam.az saytı məlumat yayıb.
Məlumata görə, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya qaldırılan icra başçısının bu duruma düşməsinin səbəbləri bəlli olub.
Belə ki, hazırda xəstəxanada müalicə aldığı deyilən Nizami Sadıqovun təzyiqinin qalxmasının səbəbi isə rayona Maliyyə Nazirliyindən yoxlamanın gəlməsidir. Məlumatlara görə, icra başçısı bu yoxlamanın tez bir zamanda Ağdama gələcəyini gözləmirmiş. Üstəlik, Bakıdan gəlmiş qonaqlarla söhbət edən Nizami Sadıqovun onları ələ almaq cəhdi də baş tutmayıb. Maliyyə Nazirliyinin işçiləri rayonda apardıqları yoxlamanın dəqiq nəticələrini lazımi instansiyalara çatdırmalı olduqlarını bildiriblər.
İddialara görə, Nizami Sadıqov bu söhbətdən sonra qorxuya düşüb. Ardından isə yuxarıda qeyd edildiyi kimi, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Güman edilir ki, rayonda böyük yeyinti hallarının aşkarlanacağından ehtiyat edən icra başçısı bu yoxlamanın onun sonunu gətirəcəyinin fərqindədir. Rayonda isə söhbət gəzir ki, Ağdamın icra başçısı yaxın vaxtlarda dəyişdiriləcək.
Qaynar.info