“Suraxanı Rayon İcra Hakimiyyəti şikayətimizə 3 ildən sonra reaksiya verdi. Amma icra hakimiyyətinin problemlə bağlı qərarı “yağışdan çıxıb, yağmura düşməyə” bənzəyir”. Qaynar.info xəbər verir ki, bunu virtualaz.org saytına Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə ərazilərində qəzalı vəziyyətə düşən evlərin sakinləri deyiblər.
Şikayətçilərin sözlərinə görə, oktyabrın 22-də Zığ qəsəbə nümayəndəliyinin rəhbərləri sakinlərlə görüşüb: “Bizə dedilər ki, Suraxanı Rayon İcra Hakimiyyəti qəzalı evlərlə bağlı 150 min manat vəsait ayırıb. İlkin olaraq təxminən 35-40 ailə, yəni artıq yaşayışa yararlı olmayan evlərin sakinləri köçürüləcək. Amma bizə ev verilmir. Zığ bələdiyyəsinin yaxınlığında avtomobil təmiri sexi var. Sexin 3 mərtəbəli binasında üçüncü mərtəbəni bizim üçün ayıracaqlar. 150 min manatı da təmirə xərcləyəcəklər. Bundan sonra ailə üzvlərinin sayından asılı olmayaraq hər bir ailəyə bir otaq veriləcək. Hamam və sanitar qovşağı isə ümumidir. 35-40 ailə bir hamamdan, bir tualetdən istifadə edəcək”.
Təkliflə razılaşmayan sakinlərə deyiblər ki, əks halda bu qışı da təhlükəli evlərdə keçirəcəklər: “Evlərin əksəriyyətinin sənədi qaydasındadır. Sənədi qaydasında olmayan evlərin tikintisi üçün də pul xərclənib. İndi qapı-pəncərə dəyişəndə də gəlib razılaşma tələb edirlər. Amma iş bu yerə çatanda “sizin ev qanunsuzdur” bəhanəsi işə düşür”.
Sakinlər onu da dedilər ki, 3 ildir Suraxanı Rayon İcra Hakimiyyəti (RİH), Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti arasında qalıblar: “Hər dəfə şikayətlərdən sonra rayon icra hakimiyyətinin nümayəndələri gəlir, vəd verib gedirlər. Ötən il isə dedilər ki, məsələ həll olunub, Nazirlər Kabineti sənədləri Maliyyə Nazirliyinə göndərib. Dəfələrlə ekspertiza keçirilib, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də baxış keçirib, evlərin sürüşmə nəticəsində qəzalı vəziyyət düşdüyü təsdiqlənib”.
Artıq bezdiklərini deyən sakinlər yalnız ölkə başçısından kömək istəyirlər: “Aksiya keçirməkdən başqa çarəmiz qalmayıb”.
Suraxanı Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, qəzalı vəziyyətdə olan 100-dən çox fərdi yaşayış evi və binalarla bağlı əlaqədar orqanlar məlumatlandırılıb. Qəzalı evlərə 150 min manat ayrılması və sakinlərin avtomobil sexinin binasına köçürüləcəyi ilə bağlı suallar isə cavabsız qaldı.
Suraxanı RİH-dən bizi maraqlandıran suala cavab vermək üçün idarələr arasında ötür-ötür oyunu başladı. Lakin sonda “bu məsələ ilə bağlı açıqlama verməyə ixtiyarımız yoxdur” cavabını aldıq.
Zığ qəsəbə nümayəndəliyi də Suraxanı RİH-dən fərqli münasibət göstərmədi.
Qəsəbənin icra nümayəndəsi Cəlaləddin Əhmədovun köməkçisi günün müxtəlif saatlarında etdiyimiz zənglərə “Cəlaləddin müəllim əraziyə gedib”, “Cəlaləddin müəllim nahar edir”, “Müəllim çay içir”, “Cəlaləddin müəllim yorğundur, meyvə yeyir” kimi cavablar verdi.
Təkidli zənglərdən sonra isə qəsəbə nümayəndəsi məsələyə münasibət bildirmək üçün “doğru zamanda” nümayəndəliyə gəlməyimizi istədi.
Bir suala cavab almaq üçün sakinlərin problemləri ilə məşğul olmaqdan qeyri digər vəzifə səlahiyyətinə malik olmayan qəsəbə nümayəndəsi bu qədər süründürməçilik edirsə, vay şikayətçi olan sakinlərin halına.
Suraxanı RİH-in, Zığ qəsəbə icra nümayəndəliyinin mətbuatdan uzaq düşməsi məmurların işlərinin çoxluğu və ya yorğunluqları ilə yox, onlara ünvanlanacaq iradlarla bağlı ola bilər. Axı onlar Zığdakı yaşayış massivlərinə su xətləri çəkildiyi halda günlərlə suyun verilməməsini, neft tullantıları ilə çirklənmiş torpaqların satılmasını, sürüşmə sahələrində ev tikintisi üçün icazənin necə verildiyini necə izah edəcəklər?
Biz hələ adi problemlərdən, məsələn, heyvanların küçədə kəsilib satılmasından, küçələrin zibil qalaqları ilə dolub-daşmasından danışmırıq.
Bunu da qeyd etmək istərdik ki, C.Əhmədov yalnız bir neçə dəfə mətbuata açıqlama verib, onda da özünü tərifləyib, Zığ bələdiyyəsinin fəaliyyətini tənqid edib.
Amma Zığ qəsəbə sakinləri deyirlər ki, nə qəsəbə nümayəndəsinin, nə də bələdiyyətini fəaliyyəti hiss olunmur, yəni işləri elə bir-birini qarşılıqlı ittiham etməkdən ibarətdir.
Zığda isə bir tərəfdən çökmə, sürüşmə gedir, bir tərəfdən qanunsuz tikililər çoxalır. Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsilli mütəxəssis olan Suraxanının icra başçısı İlqar Abbasovun gözü qabağındaca...
Qaynar.info




