Xəbər lenti

İcra başçısından prezidentə ŞİKAYƏT
Ölkə11:06 09.03.2013

İcra başçısından prezidentə ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün öncə Goranboyda icra başçısının sahibkarı anasının yasında həbs etdirməsi ilə bağlı xəbər yayılmışdı.Həmin hadisənin baş verməsindən sonra sahibkarın yaxınları prezidentə şikayət məktubu ünvanlayıblar. 

Məktubda deyilir ki, Müqais Cəmil oğlu Verdiyev “Regionların sosial iqtisadi inkişafı proqramı əsasında” Goranboy rayonunda abadlıq işləri görüb: “Bir sıra obyekt və bayraq meydanı şəxsən bizim əl işimizdir. Lakin biz işi görüb qurtardıqdan sonra Goranboy rayonun icra başçısı Nizaməddin Quliyev bizə və material götürdüyümüz sahibkarlara çatacaq pulu vermək istəmədi. İcra başçısı Müqais Verdiyevi həbs etdirəcəyi ilə hədələdi. Bu xəbəri eşidən kimi Verdiyev Müqaisin anasının ürəyi dözmədi və vəfat etdi. Nə qədər acınacaqlı səslənsə də, Nizaməddin Quliyev bizə çatası 256 min manatı mənimsəyərək Müqais Verdiyevi rayonda həbs etdirdi". 

Yazıda həmçinin qeyd olunur ki, Goranboy rayon icra başçısının birinci müavini Baxış Abdullayev işçilərə bildirib ki, əmək haqqları almaq üçün icra hakimiyyətinin qarşısına toplaşsınlar: “İşçilər İcra Hakimiyyətinin qarşısına toplaşan zaman onlara deyilib ki, əmək haqqlarını almaq istəyənlər prokurorluqa şikayət etsin. Bundan sonra Müqais Verdiyev İcra hakimiyyətinə dəvət edilərək həbs edilib”.

Məsələ ilə bağlı Goranboy rayon icra başçısının müavini Baxış Abdullayevlə əlaqə saxladıq. O bildirdi ki, bu məsələlərə rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elçin İsmayılov cavab verə bilər.

Elçin İsmayılov isə Qaynar.info-ya bildirdi ki, bu məlumatlar həqiqəti əks etdirmir, böhtan xarakterlidir: "Biz bu cür məsələlərə münasibət bildirmək istəmirik. Bütün bunlar böhtandır. Hazırda iş üzrə istintaq gedir və istintaq hər şeyi araşdırıb üzə çıxaracaq".

Qaynar.info