
Zərdabın icra başçısı Lütfəli Babayevdən prezidentə şikayət olunacaq.
Bu barədə Qaynar.info-nun elektron ünvanına göndərilən şikayət məktubunda bildirilir.
Vətəndaşların sözlərinə görə, onlar rayondakı dözülməz şəraitdən, dövlət idarələrində tüğyan edən korrupsiya və rüşvətxorluqdan şikayət edirlər. Hətta bununla bağlı dövlət başçısına ünvanlanmış həmin məktubu 1000-ə yaxın rayon sakininin imzaladığı deyilir.
Bundan əlavə, məktubu imzlayan şəxslərin bir qisminin iş adamları və sahibkarlar olduğu iddia edilir. Belə ki, icra başçısının vaxtaşırı iş adamlarından və sahibkarlardan rayonda görüləcək quruculuq işləri üçün pul aldığı onları bu addımı atmağa məcbur edib.
Şikayətçilər bildirirlər ki, yaxın günlərdə həmin müraciəti rəsmi qaydada prezidentə yollayacaq, surətini də mediada yayacaqlar.
Xatırladaq ki, bir neçə gün öncə bununla bağlı jam.az saytı da məlumat yaymışdı.
Onu da qeyd edək ki, icra başçılarının iş adamlarından pul alması indinin məsələsi deyil. Ötən il belə bir qalmaqalda İmişlinin icra başçısı Vilyam Hacıyevin adı hallanırdı. Onun samuxlu iş adamı - “Samir İstehsal ”MMC-nin direktoru Nəsirulla Nəzərovdan 491 min manat pul aldığı və qaytarmadığı iddia olunurdu. Hətta vəziyyət elə bir hal aldı ki, icra başçısı məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qaldı.
Məsələ ilə bağlı Zərdab rayon İcra Hakmiyyətindən münasibət öyrənə bilmədik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info