
“Emil Məmmədov icra başçısı Tahir Kərimov tərəfindən xalq düşməni elan edilib”
Ölkənin tanınmış vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri (ümumilikdə 48 nəfər) Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun həbsi ilə bağlı bəyanat imzalayıblar.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2007-ci ildə qeydiyyata alınmış Demokratiyaya Yardım İctimai Birliyi Salyan və ətraf rayonlarda vətəndaşların sosial və ekoloji problemlərinin həlli ilə məşğuldur: “Yerlərdə həllini tapa bilməyən problemlərin həlli üçün Birliyin rəhbəri Emil Məmmədov dövlət başçısına və digər aidiyyatı orqanlara müraciət edirdi. 2013-cü ilin dekabr ayında Salyan rayonunda ictimai vəsaitlərin xərclənməsində qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanladığı rəsmi şikayətlərdən sonra Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən xalq düşməni elan edilib. 13 may 2014-cü ildə isə E.Məmmədov Salyan rayon polis şöbəsinə çağırılaraq, qanunsuz olaraq Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə ittiham olunaraq məsuliyyətə cəlb olunub. Ertəsi gün Salyan Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır”.
Bəyanat müəllifləri bildirirlər ki, hüquq müdafiəçisinin təqsirli hesab edildiyi Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid olmaqla, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını özündə ehtiva edir: “E.Məmmədov fəaliyyət göstərdiyi müddətdə fədakarlığı və insansevərliyi ilə nəinki Salyan rayonunda, hətta bütün Aran zonasında insanların rəğbətini qazanıb. Hesab edirik ki, Emil Məmmədovla bağlı qondarma ittihamların irəli sürülməsi və onun həbs olunması Salyan RİH başçısının korrupsiya fəaliyyətinin hüquq müdafiəçisi tərəfindən ifşa olunması ilə bilavasitə əlaqəlidir. Həmçinin, hüquq müdafiəçisinin şərlənərək cinayət məsuliyyətinə cəlb olunması və həbsə atılması vətəndaş cəmiyyəti institutlarının susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir.
Biz, Emil Məmmədovun qanunsuz həbsini pisləyir, onun dərhal həbsdən azad olunmasını tələb edirik. Beynəlxalq təşkilatları onun hüquqlarının müdafiəsi istiqamətində fəal mövqe nümayiş etdirməyə çağırırıq. Eyni zamanda dövlət başçısını Salyanda korrupsiya faktları və büdcə mənimsəmələri barədə Emil Məmmədovun ona ünvanladığı məlum müraciətin araşdırılması üçün müvafiq orqanlara lazımi göstərişlər verməyə çağırırıq. Biz hüquq-mühafizə orqanlarını, Salyan rayonunda baş verməkdə olan çoxsaylı korrupsiya hallarını və külli miqdarda büdcə vəsaitlərinin qanunsuz olaraq mənimsənilməsi barədə Emil Məmmədovun müraciətində göstərilən faktları araşdırmağa çağırırıq".
Bəyanat müəllifləri E.Məmmədov günahsız olduğuna inandıqlarını bildiriblər və qeyd ediblər ki, o həbsdən azad edilməli, onu şərləyib həbs edənlər məsuliyyətə cəlb olunmalıdır.
Qaynar.info